ABŞ və Çin ticarət danışıqlarına başlayır

Dünya

09.06.2025 16:40

ABŞ və Çin nadir torpaq metalları ilə bağlı ticarət danışıqlarının ikinci mərhələsinə iyunun 9-da Londonda başlayacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. 

Görüşdə Çin tərəfini baş nazirin müavini He Lifeng, ABŞ tərəfini isə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qri təmsil edəcək.

Danışıqların əsas mövzusu Çinin aprelin 14-də tətbiq etdiyi nadir torpaq metalları və maqnitlər üzrə ixrac məhdudiyyətləri olacaq. Bu materiallar avtomobil, yarımkeçirici və aerokosmik sənaye üçün həyati əhəmiyyət daşıyır. Çin hazırda bu metalların bəzi növlərinin təxminən 99%-ni dünya bazarına tədarük edir.

ABŞ tərəfi, Donald Tramp administrasiyası dövründə tətbiq olunan tariflər və ixrac məhdudiyyətləri fonunda, bu metalların əvvəlki səviyyədə tədarükünün bərpasına nail olmağa çalışır. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett bildirib ki, məqsəd məhdudiyyətlərdən əvvəlki vəziyyətə qayıtmaqdır.

Pekin isə cavab olaraq, ABŞ-nin tətbiq etdiyi bəzi tariflərin və ixrac qadağalarının ləğvini tələb edir. "The New York Times" qeyd edir ki, Çinin tətbiq etdiyi məhdudiyyətlər bir sıra ABŞ şirkətlərinə, xüsusilə də hərbi sənaye sahəsində fəaliyyət göstərən podratçılara ciddi zərbə vura bilər.

Türkan İsgəndərli

tag: ABŞ,Çin,Metal,Ticarət,todaypress.tv,