ABŞ və Çin arasında ticarət dövriyyəsi kəskin azaldı

Dünya

04.06.2025 10:20

2025-ci ilin aprel ayında ABŞ və Çin arasında ticarət dövriyyəsi 45,6 milyard dollara qədər azalıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gömrük Komitəsinin məlumatlarına istinadən “İzvestiya” qəzeti yazıb.

İllik müqayisədə dövriyyə 20 faiz azalıb. Buna səbəb ABŞ-nin Çin məhsullarına 10 faizlik tarif tətbiq etməsi, Çinin isə Amerika mallarına 15 faiz rüsum qoyması olub. Aprel ayında Vaşinqton tarifləri əvvəlcə 34 faizə, sonra isə 145 faizə qədər artırıb. Cavab olaraq, Pekin də tarifləri 125 faizə yüksəldib.

Ekspertlər bildirirlər ki, bu göstəricilər iki ölkə arasında ticarət müharibəsinin dərinləşməsi risklərini qiymətləndirmək üçün əsas verir.

“Freedom Finance Global” şirkətinin makroiqtisadçısı Yuriy İçkitidze hesab edir ki, tərəflər tarifləri müvafiq olaraq 30 və 10 faiz səviyyəsində saxlasalar, ilin sonuna qədər ticarət dövriyyəsi 15–20 faiz daha azala bilər. Əgər rüsumlar yenidən artırılsa, itkilər 1,5 dəfə artaraq 450–460 milyard dollara çata bilər.

Qeyd edək ki, 12 may tarixində ABŞ və Çin 90 günlük müvəqqəti tarif azaldılmasına razılıq verib. Bu müddət ərzində rüsumlar müvafiq olaraq 145 və 125 faizdən 30 və 10 faizədək endirilib. Lakin daha sonra ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Çin razılaşmanı “tam şəkildə pozub”. Onun sözlərinə görə, bu razılaşma, Çinin üçrəqəmli tariflər fonunda iqtisadi çökməsinin qarşısını almaq məqsədilə əldə olunmuşdu.

Töhfə Səməd

tag: ABŞ,Çin,Ticarət,Dövriyyə,Todaypress.tv,