ABŞ-nin Rusiya siyasətində dönüş: Trampın mövqeyini dəyişən şəxslər
Dünya
17.07.2025 12:46
ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq və dövlət katibi Marko Rubio ölkə prezidenti Donald Trampın Rusiya siyasətini sərtləşdirməsində həlledici rol oynayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" nəşri ABŞ Konqresindəki üç mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, son aylarda Respublikaçı Partiyanın tərəfdarları Trampı Moskva ilə bağlı daha qəti mövqe tutmağa təşviq etmək üçün kuluar səviyyəsində təzyiqlər göstəriblər. Kelloq bu prosesdə əsas fiqurlardan biri olub. O, əvvəllər Ukrayna münaqişəsinin həlli üzrə Rusiya ilə aparılan danışıqlardan kənarlaşdırılmış və onun yerinə prezidentin digər elçisi Stiv Uitkoff təyin edilmişdi. Lakin Uitkoff İranla nüvə danışıqlarında ilişib qaldığından, Kelloq yenidən ön plana çıxıb. Mənbələrdən biri qeyd edib: “Kelloq hazırda siyasi yüksəliş mərhələsindədir. O və Rubiо Moskva ilə bağlı yeni yanaşmanı irəli sürürlər”.
Tramp iyulun 14-də bəyan edib ki, Vaşinqton Ukraynaya silah və hərbi texnika verməyə davam edəcək, əgər bu təchizatın xərclərini Avropa qarşılayarsa. Təchizatın koordinasiyasını NATO həyata keçirəcək. "CNN"in məlumatına görə, ABŞ yalnız “Patriot” sistemlərini deyil, həm də qısa mənzilli raketlər və haubitsalar üçün sursatları NATO üzvü olan ölkələrə verə və onlar vasitəsilə Ukraynaya göndərə bilər.
Töhfə Səməd
tag: ABŞ,Ukrayna,Donald Tramp,Marko Rubio,Rusiya,Todaypress.tv,