Zahid Oruc: “Bayraq və himn qədər qastronomiya da atributdur”

Cəmiyyət

03.07.2025 10:42

“Qastronomik mühafizəkarlıq millətlərin özünü qoruma hissinin tərkib hissəsidir”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimatında deyib.

“Mədəni kimlik yaddaşın, dəyərlərin, torpağın və yaşamaq uğrunda mübarizənin birgə məcmusudur. Hər bir ölkənin coğrafi- təbii şəraiti, etnososioloji tarixi və dini görüşləri ilə sıx bağlı olan milli mətbəxi, qida ənənələri, süfrə mədəniyyəti və istehlak xüsusiyyətləri milli dəyərlər sisteminə daxildir və bir çox başqa adət-ənənələrlə birlikdə milli mədəniyyətin  əsaslarından biridir. Etiket normalarını özündə birləşdirən qastronomiya xüsusiyyətləri milli mədəniyyətdən ayrılmazdır. Qida təkcə bioloji maddə deyil, bir millətin yaşam fəlsəfəsini başqalarından fərqləndirən və xüsusi statusunu göstərən eyniləşdirmə kodudur.

Qastronomik mühafizəkarlıq millətlərin özünü qoruma hissinin tərkib hissəsidir. Süfrə mədəniyyəti milli şüurun, inancların, fəlsəfənin, ideologiyanın, əfsanə və mifologiyaların hamısı, o cümlədən,  dəyərlər, arxetiplər, etik və estetik münasibətlərin toplusudur. Mətbəx milli kimliyin özülüdür, ölkənin və onun regionlarının cəlbedicilik elementidir, xalqın rifah göstəricisidir, ölkənin simvollardan biridir. Bəli, bayraq və himn qədər qastronomiya da atributdur”.

Qiymət Mahir

tag: Zahid Oruc,İrəvan ,Xanlıq,Mətbəx,Tədbir,Todaypress.tv,