Yer kürəsində maqnit qasırğası davam edir - Alimlərdən xəbərdarlıq
Cəmiyyət
01.10.2025 13:43
Sentyabrın 30-da Yer kürəsini vuran maqnit qasırğası artıq 30 saata yaxındır ki, davam edir.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu yayıb.
Maqnit qasırğası yerli vaxtla saat 04:00 radələrində başlayıb. Bu müddət ərzində fırtınanın əhatə dairəsi iki dəfə azalıb, intensivliyi isə zəifləyərək əvvəlki "G3+" səviyyəsindən "G1-G2" aralığına enib.
Bununla belə, ekspertlər bildiriblər ki, son 24 saat ərzində planetlərarası mühitin parametrləri mənfi istiqamətdə dəyişib. Günəş küləyinin sürəti saniyədə 400 kilometrdən 700 kilometrə qədər artıb, plazmanın temperaturu isə üç dəfə yüksələrək 300 min dərəcəyə çatıb.
Növbəti 24 saat üçün verilən proqnoz isə hələ də əlverişsiz sayılır. Alimlərin sözlərinə görə, qasırğanın yaxın saatlarda "sarı" – yəni nisbətən zəif səviyyəyə düşməsi mümkündür. Lakin nə Günəşdə, nə də Yerə yaxın kosmosda şəraitin stabilləşməsi gözlənilmir.
Maqnit qasırğaları texnoloji avadanlıqlara, o cümlədən peyklərə, rabitə və naviqasiya sistemlərinə, həmçinin bəzi insanlarda sağlamlıq durumuna təsir göstərə bilər. Alimlər əhalini ehtiyatlı olmağa və zəruri hallarda tədbir görməyə çağırır.
Türkan İsgəndərli
tag: Maqnit,Günəş,Dalğa,Qasırğa,todaypress.tv,
