Xocalıda daha 17 ailəyə mənzillərin açarları verildi
Cəmiyyət
28.07.2025 15:32
İşğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
TodayPress TV "AZƏRTAC"a istinadən xəbər verir ki, bu mərhələdə Xocalı rayonunun Ballıca kəndinə 17 ailə - 62 nəfər köçürülüb. Xocalıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara evlərin açarlarını verib. Bildirib ki, bu, yalnız evin açarı deyil, illərlə həsrətini çəkdiyimiz doğma yurda dönüşün, əziz xatirələrin və gələcək nəsillərin sabit yaşayışının rəmzidir.
"Böyük Qayıdış" Proqramı çərçivəsində bu gün Xocalının kəndlərinə həyat yenidən qayıdır. Artıq Xocalı şəhərində, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində 327 ailə - 1433 nəfər yaşayır.
Açarın təqdim edilməsi mərasimindən sonra ailələr yeni evlərində yerləşiblər.