Xəzərin tamamilə quruması gözlənilir? – İddialara aydınlıq gətirildi

Cəmiyyət

28.07.2025 15:25

Son illər Xəzər dənizinin su səviyyəsində azalma müşahidə olunur. Mütəxəssislər bu prosesi müxtəlif amillərlə əlaqələndirirlər.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, Xəzərin tamamilə quruması real deyil.

Onun sözlərinə görə, zaman-zaman Xəzər dənizində suyun səviyyəsində dəyişikliklər baş verib. Hazırda isə müəyyən sahələrdə səviyyənin qismən artması müşahidə olunur. Bu proseslər geoloji və iqlim amilləri ilə bağlıdır və dəqiq nəticə üçün ciddi elmi araşdırmalar tələb olunur.

“Su səviyyəsinin azalmasının əsas səbəblərindən birinin çay sularının düzgün idarə olunmamasıdır. Xəzərə tökülən Kür, Araz, Volqa kimi əsas çaylar bir neçə ölkənin ərazisindən keçərək kənd təsərrüfatında intensiv istifadə olunur. Bu səbəbdən dənizə çatan suyun həcmi azalır. Problemin aradan qaldırılması üçün ilk addım kənd təsərrüfatında suya tələbatı az olan bitkilərin əkilməsi ola bilər”.

Ekspert qeyd edib ki, Azərbaycanda Xəzərlə bağlı elmi tədqiqatlar aparılır:

“Rusiyada olduğu kimi, bizdə də Coğrafiya İnstitutunda və universitetlərdə Xəzər dənizinin araşdırılması istiqamətində bölmələr fəaliyyət göstərir. Hətta son vaxtlar Xəzər suyunun şirinləşdirilərək təsərrüfatda istifadə olunması ilə bağlı bahalı layihə də gündəmə gəlib. Amma suyun onsuz da azaldığı bir vaxtda belə layihələr riskli ola bilər. Əsas məsələ çaylara nəzarət və suyun düzgün idarə edilməsidir”,- deyə Qorxmaz İbrahimli fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Xəzər,Quruma,Su,Göl,Qorxmaz İbrahimli,Mütəxəssis,Todaypress.tv,

photo