Xəbərdarlıq: Təsərrüfatlar üçün yeni təhlükə... – Xaricdən gələn PARAZİT

Cəmiyyət

10.10.2025 10:32

"Azərbaycanda son zamanlar Qəhvəyi mərmər bağacığının aktivləşməsi müşahidə olunur. Onlar ən çox fındıq, qoz və digər meyvə ağaclarına ciddi zərər verirlər".

TodayPress TV-nin məlumatına görə, bu barədə Alfa Dezinseksiya Şirkətinin direktoru Sabir Məmmədov məlumat verib.

O bildirib ki, sözügedən zərərverici artıq bir ilə yaxın müddətdir ki, ölkə ərazisində yayılıb:

"Qəhvəyi mərmər bağacığı artıq ilə yaxındır ki, Azərbaycana daxil olub. Bu zərərverici ilk dəfə Gürcüstan istiqamətindən Balakən-Zaqatala bölgəsinə daxil olub və həmin ərazilərdə geniş yayılaraq epidemik hal alıb. Sadəcə, yay-yaz aylarında bu parazitlərin aktivliyi az olduğuna görə insanlar tərəfindən o qədər də hiss edilmirdi. Son zamanlarda isə proses xeyli dərəcədə aktivləşib".

Sabir Məmmədov əlavə edib ki, bu həşəratın yayılması, çoxalması və qarşısının alınması üçün bir neçə sadə, lakin effektiv metod mövcuddur:

"Bu gün bu zərərvericinin profilaktikasını aparmaq üçün kifayət qədər üsullar var. Onlardan biri də kimyəvi mübarizə metodudur. Artıq Türkiyədən müvafiq dərman preparatları gətirmişik və onların istifadəsi üçün ehtiyatımız mövcuddur".

Qeyd edək ki, qəhvəyi mərmər bağacığı təsərrüfatlara ciddi ziyan vuran zərərverici olmaqla, ölkəmizin Şimal-Qərb və Qərb rayonlarının bəzi kəndlərində yayılıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Sabir Məmmədov,Direktor,Qəhvəyi mərmər bağacığı,Xəbərdarlıq,Todaypress.tv,