Üstü açıq satılan məhsullar təhlükə məbəyidir - Nələrə diqqət etməli?

Cəmiyyət

21.10.2025 13:40

Bazar və mağazalarda çərəz, quru meyvə, ədviyyat kimi məhsulların üstü açıq şəkildə satışı artıb. Lakin bu, istehlakçılar üçün göründüyü qədər zərərsiz deyil.

Qida eksperti İlkin Şirinov TodayPress TV-yə bildirib ki, belə satış forması həm gigiyenik, həm də sağlamlıq baxımından ciddi risk daşıyır.

Onun sözlərinə görə, istər supermarketlərdə, istərsə də açıq bazarlarda məhsulların üstü örtülmədən satılması qanunvericilik və sanitar normalara ziddir:

"Məhsulların çirklənməsi, mikroorqanizmlərlə təması, həşərat və gəmiricilərin hücumuna məruz qalması mümkündür. Bu baxımdan, açıq vəziyyətdə satışa qətiyyən yol verilməməlidir".

Ekspert əlavə edib ki, markası və yararlılıq müddəti göstərilməyən məhsullar xüsusilə təhlükəlidir:

"Məsələn, çərəzlər və quru meyvələr uzun müddət açıq havada qaldıqda nəmi udur, nəticədə isə kif əmələ gəlir. Yağlı məhsullar havayla təmasda oksidləşir, ədviyyatlar isə tozla qarışdıqda allergik reaksiyalara səbəb ola bilər. Ən təhlükəlisi isə göbələk toksinlərinin yaranmasıdır ki, bu da zəhərlənmə və digər xəstəliklərə yol aça bilər".

Mütəxəssis vurğulayıb ki, mikroblar və bakteriyalar insanların sıx hərəkət etdiyi yerlərdə daha çox yayılır və bu da məhsulların tez xarab olmasına səbəb olur. Belə məhsulları qəbul edən şəxslərdə qida zəhərlənmələri, həzm pozğunluqları və allergik reaksiyalar yarana bilər.

İlkin Şirinov alıcılara çağırış edib ki, təhlükəsizliyinə əmin olmadıqları, üstü açıq şəkildə satılan məhsullardan uzaq dursunlar və satıcılardan məhsulun qablaşdırılmış formada təqdim edilməsini tələb etsinlər:

"Ən ideal variant şəffaf qablaşdırmada, tərkibi və yararlılıq müddəti qeyd olunan məhsullardır. Qablaşdırılmış və gigiyenik şəraitdə saxlanılan qidalar insan sağlamlığı üçün daha təhlükəsizdir", - deyə o qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Bazar,Mağaza,Ədviyyat,Məhsul,Todaypress.tv,

photo