“Sədərək” yenə yandı: Dəymiş ziyanı kim ödəyəcək? – Ekspert BƏDBİN DANIŞDI

Cəmiyyət

25.08.2025 13:45

“Sədərək” Ticarət Mərkəzində baş verən hər yeni yanğın kiçik biznes sahiblərinin böyük maliyyə itkiləri ilə üzləşməsinə səbəb olur. Müvafiq qurumlar isə bu zərərlərin qarşılanmasında kompensasiya öhdəliyini üzərinə götürmür. Nəticədə illərlə zəhmət hesabına toplanan sərmayə yenə də sahibkarın üzərində itkiyə çevrilir”.

Sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov bunu TodayPress TV-yə açıqlamasında bildirib.  

Onun sözlərinə görə, “Sədərək”də baş verən yanğın sahibkarlar üçün ciddi fəsadlar yaradıb. Bu, son illərdə eyni ünvanda baş verən 7-ci və ya 8-ci analoji hadisədir. Hər dəfə Fövqəladə Hallar Nazirliyinin geniş heyəti yanğının söndürülməsi üçün səfərbər olunsa da, alov qısa müddət ərzində böyük əraziləri əhatə edir və nəticədə yüzlərlə sahibkar ağır ziyana uğrayır.

Bəs sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

Mütəxəssis bu suala digər ölkələrdən nümunə gətirərək deyib:  

“İnkişaf etmiş ölkələrdə oxşar hadisələr zamanı zərərləri əsasən sığorta şirkətləri qarşılayır. Təəssüf ki, Azərbaycanda bu mexanizm faktiki olaraq işləmir. Səbəb isə odur ki, ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların daşınan əmlakı sığorta təminatı altında deyil. Sığorta şirkətləri bu cür obyektlərə maraq göstərmir, çünki onların böyük əksəriyyəti təhlükəsizlik standartlarına cavab vermir. Ticarət obyektlərində tezalışan materiallardan istifadə, arakəsmələrin qeyri-standart olması və yanğına yüksək riskli mühitin mövcudluğu bu sahədə sığorta risklərini ciddi şəkildə artırır”.

Ekspertin fikrincə, mövcud şərtlərlə heç bir sığorta şirkəti milyonlarla manat dəyərində riskləri üzərinə götürmək istəmir. 

Problemin həlli yolu kimi isə Ş.İsmayılov ticarət mərkəzlərinin sökülərək təhlükəsizlik normalarına cavab verən şəkildə yenidən inşa olunmasını göstərib. Lakin bu, yaxın gələcəkdə real görünməyən, uzunmüddətli vəsait və iradə tələb edən bir yanaşmadır.

Qeyd edək ki, avqustun 24-də səhər saatlarında “Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub, artıq yanğın məhdudlaşdırılıb.

Aysel Mətləb

tag: Şahin İsmayılov,Ekspert,Sədərək,Yanğın,Todaypress.tv,

photo