Uşaqların şəkillərini icazəsiz paylaşmaq hansı riskləri yaradır?

Cəmiyyət

08.10.2025 17:46

Sosial şəbəkələrdə azyaşlıların, xüsusilə də yarıçılpaq formada olan uşaqların şəkillərinin paylaşılması halları geniş yayılıb. 

Bəzən valideynlər və ya yaxın qohumlar bunu pis niyyət olmadan, sadəcə sevinc hissi ilə edirlər. Lakin bu addımın cəmiyyət və hüquq baxımından nəticələri düşündüyümüzdən daha ciddidir.

Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov TodayPress TV-yə bildirib ki, uşaqların özəl həyatı anlayış baxımından tam formalaşmadığı üçün onların şəkillərini sosial mediada paylaşmaq etik deyil:

"Hər bir insanın, o cümlədən uşağın da şəxsi məkanı və özəl hüquqları var. Uşağın icazəsi olmadan, xüsusilə də yarıçılpaq formada paylaşılmış şəkillər gələcəkdə onun psixoloji rahatlığına və sosial münasibətlərinə təsir göstərə bilər. Bu, həm etik, həm də mənəvi məsuliyyət məsələsidir".

Sosioloq qeyd edib ki, uşağın öz razılığı olmadan paylaşılmış şəkillər gələcəkdə hüquqi müstəviyə də çıxarıla bilər:

"Əgər şəklin paylaşılması uşağın şəxsi həyatına müdaxilə kimi qiymətləndirilərsə, o, böyüdükdə bu addıma görə məhkəməyə müraciət edə bilər. Qanunvericilikdə şəxsi məlumatların, o cümlədən fotoşəkillərin icazəsiz paylaşılmasına görə məsuliyyət nəzərdə tutulur. Valideynlər bu məsuliyyəti dərk etməlidirlər".

Ekspert vurğulayıb ki, sosial şəbəkələrdə uşaqların şəkillərini paylaşmaq bir növ onların gələcək həyatına iz buraxmaq deməkdir:

"Bu gün paylaşdığınız bir şəkil illər sonra uşağın istəmədiyi formada onun qarşısına çıxa bilər. Buna görə valideynlər daha diqqətli olmalı, uşağın maraqlarını hər şeydən üstün tutmalıdırlar", - deyə Hüseyn İbrahimov fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Hüseyn İbrahimov,Sosioloq,Uşaqlar,Şəkil,Paylaşmaq,Todaypress.tv,

photo