Tıxac, gərginlik və yorğunluq: Stress insan orqanizminə necə təsir edir?
Cəmiyyət
16.10.2025 17:05
İnsanlar gün ərzində müxtəlif səbəblərdən əsəbləşir, gərginlik yaşayırlar. Bu səbəblərin ən çox rast gəlinəni isə, şübhəsiz ki, yollarda tıxac zamanı yaranan stressdir.
Bəs stress insan həyatına necə təsir edir?
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən nevroloq Durna Ələkbərova bildirib ki, stress orqanizmin dəyişən xarici mühit amillərinə qarşı verdiyi cavab reaksiyasıdır.
Onun sözlərinə görə, bu zaman orqanizmdə endokrin, metabolik və davranış sistemlərində müəyyən dəyişikliklər baş verir.
"Əgər xarici mühitdə hər hansı bir faktor bizə təsir edirsə, orqanizm də ona qarşı cavab verir. Stress qısa müddətli və xroniki olur. Qısa müddətli stress təhlükə anında yaranır, xroniki stress isə neqativ faktorların uzunmüddətli təsiri nəticəsində formalaşır".
Nevroloq əlavə edib ki, hər gün eyni tıxac, eyni emosional gərginliklə rastlaşmaq insanı xroniki stressə salır:
"Bu vəziyyət astenik və nevrotik sindromlara, emosional tükənməyə səbəb olur. Artıq insan işinə gərgin, əsəbi vəziyyətdə gəlir, bu isə günün ritmini pozur. Uzunmüddətli gərginlik nəticəsində xroniki yorğunluq sindromu yaranır və sonda müalicə zərurəti ortaya çıxır".
Həkim xəbərdarlıq edib ki, insanlar bəzən stressi adi hal kimi qəbul etsələr də, bu, dərman asılılığına qədər gedib çıxan ciddi problemə çevrilə bilər:
"Əvvəlcə, bitki tərkibli sakitləşdiricilərlə başlayırıq, sonra isə dərman tərkibli antidepresantlara keçirik. Buna görə də orqanizmi qorumaq, hər şeyə laqeyd yanaşmamaq lazımdır", - deyə Durna Ələkbərova qeyd edib.
Türkan İsgəndərli
tag: Durna Ələkbərova,Nevroloq,Tıxac,Orqanizm,Todaypress.tv,
