“Tərəqqi” uğura aparan böyük motivasiyadır...” - Təltif olunan jurnalistlər danışdılar
Cəmiyyət
22.07.2025 18:12
Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə bir sıra jurnalistlər "Tərəqqi" medalı təltif olunublar.
Mükafatlandırılan media nümayəndələri arasında Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlu və Qarabağ qazisi İlham Tumas, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli də var.
Onlar hisslərini TodayPress TV ilə bölüşüblər.
Qalib İbrahimoğlu bildirib ki, dövlətin hər bir mükafatı böyük məsuliyyət və şərəfdir.
“Cənab Prezidentin kiçik zəhmətimə belə yüksək dəyər verməsi unudulmaz bir hissdir. İstənilən təltif yaradıcı insanı daha da ruhlandırır. “Tərəqqi” medalı sadəcə bir mükafat deyil, gələcək uğurlara aparan böyük bir motivasiyadır. Bu dəyərə layiq görülmək, məni daim daha yaxşısını etməyə, dövlətimə və xalqıma daha çox fayda verməyə sövq edir. Təltif olunan bütün həmkarlarımı təbrik edirəm”.
İlham Tumas qeyd edib ki, bu diqqət və etimad, informasiya cəbhəsində çalışan jurnalistlər üçün həm ruhlandırıcı, həm də məsuliyyət yükünü artıran bir amildir:
“Füzuli şəhərinin işğaldan azad olunduğu tarixi günlərdə, Cənab Prezident tərəfindən ilk dəfə mükafatlandırıldım. Həm döyüş meydanında, həm də söz meydanında apardığım mübarizənin dəyərləndirilməsi və bu yolda göstərdiyim xidmətlərin təltif olunması mənim üçün böyük şərəf və qürurvericidir. Azərbaycanın ləyaqətli qələm sahibləri, media döyüşçüləri və fədakar jurnalistləri hər zaman Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib” .
Hacıbəy Heydərli vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif olunmaq onun üçün böyük qürurdur.
“Bu ali mükafata layiq görülmək mənim kiçik fəaliyyətimə verilən yüksək dəyərin göstəricisidir. Prezidentin bu təltifi gələcək fəaliyyətim üçün daha böyük məsuliyyət yaradır. Mənə bu etimadı göstərdiyinə görə cənab Prezidentə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Bu ali mükafat, 17 illik mətbuat fəaliyyətimə verilən yüksək dəyərin göstəricisidir. 2008-ci ildən bəri Azərbaycan mətbuatında yazılarım dərc olunur. Bu illər ərzində daim peşəkarlığa, obyektivliyə, dövlətə və dövlətçiliyə xidmət etməyə çalışmışam. 2025-ci ildə Azərbaycan Milli Mətbuatının 150 illik yubileyində belə bir təltifə layiq görülmək mənim üçün həm böyük qürurdur, həm də gələcək fəaliyyətim ikiqat məsuliyyət yaradır”.
Qeyd edək ki, bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.
Türkan İsgəndərli
tag: Milli mətbuat günü,Təltif,Sərəncam,Tərəqqi,Todaypress.tv,