Taksi istifadəçilərinin sayı niyə azalıb? – AÇIQLAMA
Cəmiyyət
15.07.2025 15:37
Azərbaycanda taksi xidmətindən istifadə edənlərin sayında keçən illə müqayisədə 0.6 faiz azalma qeydə alınıb.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bu azalmanın səbəbləri və ümumilikdə şəhər mobilliyindəki transformasiya prosesi barədə ətraflı məlumat verib.
Onun sözlərinə görə, taksi sektoru artıq şəhər mobilliyinin ayrılmaz bir hissəsi kimi qiymətləndirilməlidir. Bu sahədə aparılan islahatlar bütövlükdə mobillik sisteminə təsir göstərir:
"Keçən il ərzində şəhərdə ayrılan avtobus və mikromobillik zolaqları formalaşdırıldı. Eyni zamanda, taksi sahəsində islahatlar həyata keçirildi. Avtoparkın yenilənməsi, avtomobillərin yaş məhdudiyyətinin tətbiqi, sürücülərin təlimlərə cəlb olunması, videoregistratorların quraşdırılması, siqaret çəkilməsinin qadağan olunması, sürücünün məlumat lövhəsinin olması, nağdsız ödəniş üçün POS-terminalların tətbiqi xidmət keyfiyyətini artırmaq məqsədi daşıyırdı".
Ekspert qeyd edib ki, islahatlar nəticəsində bir çox köhnə və normativ tələblərə cavab verməyən avtomobillər sistemdən çıxarılıb və bu da ümumi taksi sayına birbaşa təsir göstərib:
"Əvvəllər avtoparkın 62 faizi 15 yaşdan yuxarı avtomobillərdən ibarət idisə, hazırda 67 faizi 5 yaşa qədər avtomobillər təşkil edir. Bundan əlavə, 68 faiz avtomobil ağ rəngdədir, bu da vahid vizual standartın formalaşması baxımından vacibdir".
Mütəxəssis əlavə edib ki, hazırda taksi sürücülərinin sistemə daxil olması üçün SİMA tətbiqi üzərindən biometrik identifikasiya tələb olunur. Bu, istifadəçi şikayətlərinə sifariş olunan maşınla gələn avtomobilin fərqli olması hallarının qarşısını almağa yönəlib.
O, sonda bildirib ki, şəhərdə mobilliyin transformasiyası davam edir və yaxın illərdə metro şəbəkəsinin genişləndirilməsi, tramvay layihələrinin həyata keçirilməsi, relsli nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı addımlar atılacaq. 2030-cu ilə qədər vətəndaşlar hansı məsafəni piyada, velosiped, ictimai nəqliyyat, taksi və ya fərdi nəqliyyat vasitəsi ilə gedəcəklərinə qərar verə biləcəklər. Bu isə tam inteqrasiya olunmuş və çevik nəqliyyat sisteminin əsasını təşkil edəcək.
Türkan İsgəndərli
tag: Taksi,Ekspert,Say,Sərnişin,Qiymət, Rauf Ağamirzəyev,Todaypress.tv,
