Su ehtiyatlarının qorunması üçün alternativ həllər təklif olundu
Cəmiyyət
11.09.2025 12:50
“Süni intellekt və təbiətə əsaslanan həllər su idarəçiliyində prioritetdir”.
TodayPress TV xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Azərbaycan Nümayəndəliyinin ölkə direktoru Sunniya Durrani-Camal Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində təşkil olunan “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma” adlı panel müzakirələrində deyib.
O qeyd edib ki, ağıllı sayğacların tətbiqi istər sənaye, istərsə də məişət sektorunda ənənəvi su istifadəsinin izlənməsi baxımından vacibdir. Onun sözlərinə görə, süni intellekt həllərindən məlumat modelləşdirilməsi və proqnozlaşdırmada, xüsusilə “rəqəmsal əkizlər” üzərində işlərdə istifadə olunması getdikcə daha çox əhəmiyyət qazanır.
Sunniya Durrani-Camal vurğulayıb ki, digər əsas istiqamət sərt infrastrukturun inkişafıdır: su hövzələrinin idarə olunması, yeni su anbarlarının yaradılması, mövcud boru və drenaj sistemlərinin bərpası. O bildirib ki, bu sahə xüsusilə Banqalor kimi sürətlə böyüyən şəhərlər üçün vacibdir.
“Bir digər mühüm istiqamət isə təbii və təbiətə əsaslanan həllərdir. Buraya meşələrin bərpası, su hövzələrinin idarə olunması daxildir və bu tədbirlər həm hökumətlər, həm də icmalar üçün səmərəli və az xərcli investisiyalar hesab olunur. Bu yolla həm su ehtiyatlarının qorunması, həm də istifadənin səmərəliliyinin artırılması mümkündür”, - deyə direktor əlavə edib.
Qiymət Mahir
tag: Bakı,Su,Həftəsi,Tədbir,Todaypress.tv,