Sakinlər NARAZIDIR: 508 nömrəli avtobus niyə gecikir?

Cəmiyyət

20.08.2025 13:35

Səhər saatlarında dayanacaqlarda avtobus gözləyən sərnişinlər üçün marşrut xəttində gecikmə və texniki nasazlıqlar artıq adi hala çevrilib. Son günlər xüsusilə 508 nömrəli avtobuslarla bağlı daha çox şikayət daxil olur. Vətəndaşlar bu problemlə bağlı dəfələrlə müraciət etmələrinə baxmayaraq, hələ də konkret və müsbət addımların atılmadığını bildirirlər.

Məsələ ilə bağlı “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva TodayPress TV-yə açıqlamasında deyib ki, problemlərin əsas səbəbi Saray qəsəbəsi istiqamətində aparılan təmir-tikinti işləridir.

Onun sözlərinə görə, təmir işləri nəticəsində marşrut xətti boyunca yaranan tıxaclar avtobusların uzun müddət hərəkətsiz qalmasına səbəb olur ki, bu da mühərrik və digər texniki sistemlərdə əlavə yüklənməyə gətirib çıxarır.

“Avtobuslara texniki xidmət göstərən quruma rəsmi xəbərdarlıq edilib, nəzarət gücləndirilib və nasazlıqların qarşısının alınması üçün göstərişlər verilib. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik. Problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür”, - deyə o diqqətə çatdırıb. 

Türkan İsgəndərli

tag: Baku Bus,Sakinlər,Narazılıq,Gecikmə,Todaypress.tv,