Saatlıq əməkhaqqının tətbiqi vətəndaşlara nə vəd edir?

Cəmiyyət

05.06.2025 11:39

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı yeni mexanizmin hazırlanması prosesi gedir.

TodayPress TV xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, “Əmək Məcəlləsi”nə ediləcək dəyişikliklər hökumətdə razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə təqdim olunub.

Onun sözlərinə görə, yeni sistemin tətbiqi əməkhaqqının aylıq yox, saatlıq əsasda hesablanmasını nəzərdə tutur. 

"Bu isə vətəndaşların işlədikləri müddətin daha dəqiq qiymətləndirilməsinə və nəticə etibarilə əməkhaqlarının artmasına səbəb ola bilər. Saatlıq əməkhaqqı mexanizmi vətəndaşlara bir neçə iş yerində saatlıq əsasla işləmək imkanı yaradacaq. Bu isə əlavə qazanc mənbəyi deməkdir. Beynəlxalq təcrübəyə əsaslanan bu yanaşma qeyri-iş günləri və iş vaxtından kənar saatlarda işləyən şəxslər üçün xüsusi əmsalların tətbiq olunmasını da nəzərdə tutur. Beləliklə, həmin şəxslər daha yüksək maaş ala biləcəklər".

Deputat qeyd edib ki, bu sistem əməkhaqqının və ümumilikdə əməyin daha ədalətli və şəffaf qiymətləndirilməsinə xidmət edir. Yeni mexanizmin tətbiqi əmək bazarında mühüm yenilik sayılır və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanır.

Hazırda meyarların müəyyənləşdirilməsi prosesi aparılır. Gözlənilir ki, saatlıq əməkhaqqı üçün minimum ödənişlər də təsdiqlənəcək və bu göstəricilər aylıq minimum əməkhaqqı ilə uyğunlaşdırılacaq.

Yeni sistemin dəqiq nə zaman qüvvəyə minəcəyi isə aidiyyəti razılaşdırmalardan sonra məlum olacaq.

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Saatlıq,Əməkhaqqı,Todaypress.tv,

photo