Restoranlar müştəridən servis haqqı və depozit tələb edə bilərmi? - AÇIQLAMA

Cəmiyyət

03.10.2025 16:43

Əksər restoran və kafelərdə göstərilən xidmətə görə əlavə servis haqqı və ya depozit tələbinin olduğu məlumdur. 

Bu isə bir çox hallarda müştərilər arasında narazılığa səbəb olur. Məsələn, müştəri hesab istədiyi zaman əlavə servis haqqının qeyd edildiyini görür. Bu cür halları isə restoranlar öz daxili qərarları hesab edirlər. 

Bəs məsələ həqiqətdə necə tənzimlənməlidir? 

Bu cür qərarlar restoran və kafelərin daxili qərarı ola bilərmi?

“Əgər depozit və ya xidmət haqqı ilə bağlı şərtlər əvvəlcədən bildirilibsə və menyuda, yaxud da sifariş zamanı bu barədə məlumat verilibsə, qanunazidd hesab olunmur. Müəssisənin daxili siyasətinə uyğun olaraq həyata keçirilə bilər”.

Turizm eksperti Ceyhun Aşurov sözügedən məsələni TodayPress TV-yə şərh edərkən deyib. 

O vurğulayıb ki, bəzən getdiyimiz restoranlarda menyuda göstərilən qiymətlərə əlavə olaraq 5-10, hətta 15%-ə qədər xidmət haqqının əlavə olunduğunu görürük. Bu, xüsusilə Avropa və Amerika təcrübəsində geniş yayılmış və normal qəbul olunan bir təcrübə hesab olunur. 

“Burada əsas məqam əlavə xidmət haqqının açıq şəkildə menyuda göstərilməsidir. Müştəriyə menyu təqdim edilən zaman orada yalnız yeməklərin qiyməti deyil, eyni zamanda hesabın müəyyən faizinin xidmət haqqı kimi əlavə olunacağı barədə də məlumat olmalıdır. Əgər bu barədə heç bir məlumat verilmirsə, o zaman müştəri haqlı olaraq bu iddianın əsassız olduğunu bildirə bilər”, - deyə mütəxəssis açıqlayıb.

Onun sözlərinə görə, bu barədə ya menyunun alt hissəsində qeyd verilir, ya da xidməti göstərən personal sifariş zamanı müştərini məlumatlandırır. Belə şəffaflıq həm müştərinin məlumatlı qərar verməsi, həm də müəssisənin etibarlı və dürüst xidmət göstərməsi baxımından vacibdir.

C.Aşurov bəzi restoranlarda kabinetlər üçün depozit tələbi ilə bağlı danışarkən bildirib ki, bu, müəssisənin daxili qaydalarına əsasən tətbiq olunur:

“Bəzi hallarda kabinetdə az miqdarda sifariş verən müştəri uzun müddət orada qalaraq, həmin yerin daha çox xərcləməyə hazır olan digər müştəri üçün tutulmasına səbəb ola bilər. Nəticədə isə restoran mümkün gəlirindən imtina etmiş olur. Bu cür halların qarşısını almaq və gəlir dövriyyəsini qorumaq məqsədilə restoranlar müəyyən depozit sistemi tətbiq edə bilər. Əsas odur ki, bu tələblər barədə müştəriyə əvvəlcədən aydın məlumat verilsin”.

Aysel Mətləb

TodayPress TV

tag: Ceyhun Aşurov,Ekspert,Restoran,Servis haqqı,todaypress.tv,

photo