Qərar imzalandı: Kimlər 5 il tez pensiyaya çıxacaqlar?
Cəmiyyət
31.07.2025 10:14
Baş nazir “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Yeni sənədlə daha tez pensiyaya çıxanların siyahısı dəqiqləşdirilərək müəyyən əlavələr edilib.
TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, qızıl otaqlarının nəzarətçiləri, emal, qırma, daşıma, tozqələviləşdirmə sahələrində nəzarətçilər, mühəndislər, o cümlədən elektrik mühəndisləri və metallurqlar da güzəştli siyahıya əlavə edilib.
Onun sözlərinə görə, daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlara da şamil olunur.
"Güzəştli şərtlərlə pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri”, 9-cu maddəsi isə “güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri” müəyyən edir.
Sözügedən qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla, beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin - uşaqların səkkiz yaşınadək sağ olması şərti ilə - pensiya yaşı 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çoxuşaqlı ailələrdə analar 59 yaşında, atalar isə 60 yaşında pensiyaya çıxa bilərlər".
Deputat əlavə edib ki, qanunun 9-cu maddəsinə əsasən, güzəştli şərtlərlə pensiya hüququ qazanan vətəndaşların siyahısı kifayət qədər genişdir. Belə ki, sonuncu iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələri, yeraltı işlər və əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üzrə Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda göstərilən sahələrdə azı 12 il 6 ay işləyən kişilər və azı 10 il işləyən qadınlar pensiyaya 5 il daha tez çıxa bilərlər.
"Bununla yanaşı, hipofiznanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslər azı 5 il sığorta stajına malik olduqları halda pensiyaya 20 il daha tez çıxa bilərlər. Mülki aviasiyada uçuş və uçuş-sınaq heyətində çalışanlar bu sahədə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslər isə azı 20 il sığorta stajına malik olduqları halda 15 il tez pensiyaya çıxa bilirlər.
Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. kimi sahələrdə çalışanlar da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüququna malikdirlər".
Vüqar Bayramov qeyd edib ki, bütün bunlarla yanaşı, daha çox vətəndaşa tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflər də təqdim olunur. Pensiya islahatlarının dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərinin də nəzərə alınmasını aktuallaşdırır.
Türkan İsgəndərli
tag: Vüqar Bayramov,Deputat,Pensiya,Maaş,Todaypress.tv,