Onlayn kredit götürənlərin DİQQƏTİNƏ! Dələduzların hədəfində ola bilərsiniz...

Cəmiyyət

24.06.2025 11:23

“Onlayn kredit götürən insanlar sonradan cərimə və əlavə komissiyalarla qarşılaşanda peşman olurlar”.

İqtisadçı Xalid Kərimli bunu TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, onlayn kreditlərin verilməsi banklara əlavə idarəetmə xərclərindən yayınmağa, insan resurslarının daha səmərəli idarə olunmasına imkan yaradır.  

“Hazırda demək olar ki, ölkədə fəaliyyət göstərən bütün banklar və bir sıra bank olmayan kredit təşkilatları (BOKT) kreditlərin onlayn verilməsi sisteminə keçiblər. Vətəndaş vaxt itirmədən, heç yerə getmədən, rahat şəkildə kredit götürə bilir. Bu, əlbəttə ki, çox rahat və sürətli bir üsuldur. Amma burada ehtiyatlı olmaq vacibdir. Vətəndaş yalnız etibarlı mənbələrdən müraciət etməlidir. Əks halda, dələduzluğun qurbanı ola bilər”.

İqtisadçı vurğulayıb ki, kredit götürən şəxslər mütləq müqavilə şərtləri ilə diqqətlə tanış olmalıdırlar. 

“Bəzən insanlar müqavilə şərtlərini oxumadan kredit götürür və sonradan cərimə və əlavə komissiyalarla qarşılaşanda peşman olurlar. Bilməmək məsuliyyətdən azad etmir. Müqaviləyə imza atıldıqdan sonra həmin şərtlərə uyğun davranmaq məcburiyyətindəyik”.

Xalid Kərimli vətəndaşlara çağırış edərək, yalnız şərtləri aydın olan və şəxsi büdcəyə uyğun olan hallarda kredit götürməyə qərar verməyi tövsiyə edib. 

Türkan İsgəndərli

tag: Xalid Kərimli,İqtisadçı,Kredit,Dələduz,Todaypress.tv,

photo