"Qaz və işıq tarifləri azaldılmalıdır" – Millət vəkilindən TƏKLİF
Cəmiyyət
04.06.2025 14:00
"Elektrik və qaz tariflərinin azaldılması çox aktual məsələdir. Xüsusən dağ kəndlərində yaşayan əhali qış aylarında daha çox qazdan istifadə etməyə məcbur qalır. Bu isə limitdən artıq sərf olunan qazın yüksək tariflə hesablanması nəticəsində onların maddi durumuna mənfi təsir göstərir".
Milli Məclisin deputatı Əli Məsimli bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, əhali indiki qiymətlərlə qazın pulunu ödəyə bilmir. Nəticədə odun almağa məcbur olurlar:
"Amma odun da ucuz deyil. Buna görə də bəzi insanlar meyvə ağaclarını kəsib odun hazırlayır, bu isə həm ekoloji fəsadlara, həm də meşələrin məhv olmasına səbəb olur. Meşələrin qırılması seldüşmə hallarını artırır və bu da kənd təsərrüfatı və yaşayış məntəqələrinə ciddi ziyan vurur. Bu baxımdan unikal meşə sərvətlərimizi, nadir bitki aləmini qorumaq və artırmaq, eləcə də sel hadisələrinin qarşısını almaqdan ötrü digər vasitələrlə yanaşı, həm də kəndlərin qazlaşdırılması işini davam etdirmək lazımdır. Bununla yanaşı qaz limiti məsələsinə yenidən baxıb, nəzərəçarpan güzəştlər tətbiq olunması çox vacibdir".
Deputat təklif edib ki, bu məsələnin iki mərhələdə həlli mümkün ola bilər. Birinci mərhələdə sərhəd və dağ kəndləri üçün qaz limitlərinə ciddi güzəştlər tətbiq olunmalı, ikinci mərhələdə isə ümumilikdə ölkə üzrə qaz və elektrik enerjisi üzrə limitlər ləğv edilməlidir.
Əli Məsimli vurğulayıb ki, Azərbaycan enerjidaşıyıcısı olan ölkə kimi bu cür sosial yönümlü addımları atmaq imkanına malikdir və bu qərarlar həm vətəndaş məmnunluğunu artırar, həm də Bakı şəhərinə olan miqrasiyanın qarşısını ala bilər.
Qeyd edək ki, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının keçirilən ilk iclasında Azərbaycanın bəzi kəndlərində elektrik və qaz tariflərinin üç dəfə azaldılmasını təklif edib.
Bu məsələ bir sıra depuatlar tərəfindən müxtəlif variantlarda tez-tez qaldırılır.
Türkan İsgəndərli
tag: Əli Məsimli,Deputat,Qaz,İşıq,Todaypress.tv,