Psixoloq: “Uşaqlara ailədə bir fərd kimi yanaşmaq vacibdir”

Cəmiyyət

28.10.2025 12:32

"Ailələrimizdə yaranan hər hansı neqativ istiqamətə imkan verməməliyik. Çünki ailə cəmiyyətin əsas təməl daşı, ilkin sosial institutudur. Hər bir fərdin şəxsiyyət kimi formalaşması məhz ailədən başlayır".

TodayPress TV xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Ailə könüllüləri” layihəsi çərçivəsində “Xeyirxahlıq ailədən başlayır” adlı təlimdə çıxış edən Bakı Dövlət Universiteti Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova bildirib.

Onun sözlərinə görə, uşaqlara ailə daxilində sadəcə “övlad” kimi deyil, bir fərd kimi yanaşmaq vacibdir:

"Onlara fikir bildirmək, öz düşüncələrini ifadə etmək imkanı verməliyik. Bu yanaşma sayəsində uşaq gələcəkdə məktəbdə və ya ictimai həyatda hüquqları pozulduqda, onu düzgün və mədəni formada ifadə edə biləcək. Necə ki, məktəbdə hər bir şagirdin fərdi psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır, eyni prinsip ailədə də keçərlidir. Valideynlər uşaqlarının xarakterini, maraqlarını, duyğularını tanımalı və onlara uyğun münasibət qurmalıdırlar".

Psixoloq qeyd edib ki, ailə quran hər bir insan üçün tövsiyəmiz budur ki, ailə psixologiyası ilə bağlı kitablar oxusun, mövzuya dair ədəbiyyatla tanış olsun.

"Uşaqlarla düzgün davranmaq, onların şəxsiyyət kimi formalaşmasına təsir edən amilləri bilmək çox vacibdir. Bəzən valideynlər övladlarını müəyyən davranış və ya seçimlərə məcbur edirlər. Bu isə uşağın daxili dünyasında narazılıq və psixoloji gərginlik yaradır. Uşağa hörmət etmək, onu dinləmək və istəklərini anlamağa çalışmaq lazımdır. Valideyn uşağının yanında onun üçün dəstək olmalı, “bacarmırsan”, “səndən olmaz” kimi ifadələrdən uzaq durmalıdır".

Kamilə Kazımova son olaraq vurğulayıb ki, uşağa inam və sevgi göstərən ailə, sabahın güclü, özünəinamlı və mənəvi dəyərlərə sahib vətəndaşını formalaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,