Mərkəzi Bank uçot dərəcəsi azatdı: Kredit faizləri enəcək? – AÇIQLANDI
Cəmiyyət
25.07.2025 16:55
Azərbaycan Mərkəzi Bankı 2024-cü il mayın 2-dən sonra ilk dəfə uçot dərəcəsində və faiz dəhlizinin parametrlərində dəyişiklik edib. Belə ki, uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7 faizə, faiz dəhlizinin aşağı həddi 6 faizə, yuxarı həddi isə 8 faizə endirilib.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu qərar gözlənilən idi.
“Mərkəzi Bankın yeni rəhbərliyi son aylarda kommunikasiyanı gücləndirib. Media və biznes çevrələri ilə daha şəffaf və açıq ünsiyyət quraraq, niyyətlərini əvvəlcədən bəyan etməklə bazarı yönləndirə bilib. Bu baxımdan qərar öncədən hiss olunurdu”.
İqtisadçı bildirib ki, uçot dərəcəsinin azaldılmasının əsas səbəbi inflyasiyanın səngiməsidir:
“Rəsmi inflyasiya göstəriciləri gerilədiyi üçün Mərkəzi Bank daha çevik qərarlar qəbul edə bilir. Həmçinin dünya iqtisadiyyatındakı tendensiyalar, Avropa Mərkəzi Bankı və ABŞ Federal Ehtiyat Sisteminin faizləri azaltması Azərbaycana da təsirsiz ötüşmür. Mərkəzi Bank qlobal tendensiyaları nəzərə alaraq analoji addımlar atır”.
Natiq Cəfərli vurğulayıb ki, uçot dərəcəsinin azalması kredit faizlərinin dərhal enməsi anlamına gəlmir. Amma bu proses tədricən, dalğavari şəkildə bazara təsir edir. Növbəti aylarda kredit faizlərində müəyyən yumşalmalar müşahidə oluna bilər.
Qeyd edək ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditlərin faiz dərəcəsini müəyyən edir. Bu rəqəm həm də ölkədəki pul siyasətinin sərtliyini və ya yumşaqlığını göstərən əsas göstəricilərdən biridir.
Türkan İsgəndərli
tag: Natiq Cəfərli,İqtisadçı,Mərkəzi Bank,Uçot,Kredit,Faiz,Todaypress.tv,
