Məhəmmədi gölündə balıqları zəhərləyiblər? – AÇIQLANDI

Cəmiyyət

04.06.2025 18:50

Abşeronun Məmmədli kəndi ərazisindəki su hövzəsində balıqlar kütləvi şəkildə tələf olub.  

Ekoloq Qorxmaz İbrahimli mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu hadisə təbii amillərlə izah oluna bilməz.

Onun sözlərinə görə, balıqlar zəhərlənmə nəticəsində ölüb. 

"Ola bilsin, kimsə orada qanunsuz ovla məşğul olub, suya zəhərli maddə buraxıb. Tuta bildiyi balıqları götürüb, digərləri isə ölüb. Bu kimi hallar təəssüf ki, tez-tez baş verir", - deyə ekoloq bildirib.

Qorxmaz İbrahimli əlavə edib ki, göldə çirkab və ya kimyəvi tullantıların axması ehtimalı da araşdırılmalıdır. Onun fikrincə, yalnız bu cür müdaxilələr balıqların kütləvi ölümünə səbəb ola bilər.

“Əgər gölün birbaşa su daşıyıcısı, məsələn, çayı yoxdursa və müxtəlif axıntılarla qidalanırsa, bu zaman çirkab və zəhərli maddələrin təsiri daha da güclənə bilər. Təbii şəraitdə balığın belə kütləvi ölümü qeyri-mümkündür", - deyə ekoloq qeyd edib.

Qeyd edək ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı Aqrar Xidmətlər Agentliyi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır. Məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyi hələlik açıqlanmayıb.

Türkan İsgəndərli

tag: Qorxmaz İbrahimli,Balıq,Zəhərlənmə,Göl,todaypress.tv,