Lalə Mehralı: "Qadını əzən də bu cəmiyyətdəndir, əzdirən də”

Cəmiyyət

07.10.2025 15:53

"Cəmiyyətdə sivilizasiya səviyyəsini müəyyən edən ən mühüm meyar o toplumda qadının statusudur". 

Bu fikirləri sosioloq Lalə Mehralı TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, genderlə bağlı araşdırmaların əksəriyyəti qadın və kişi müqayisəsi üzərində qurulur. Bizim cinsimizi xromosomlar müəyyən etsə də, gender balansını cəmiyyət formalaşdırır:

"Qadını əzən də bu cəmiyyətdəndir, əzdirən də. Döyən də içimizdəndir, izləyən də. Öldürən də bizdəndir, ölən də. Qadınlar təkcə öldürülmür, çox vaxt ağır işgəncələrlə, vəhşicəsinə qətlə yetirilirlər".

Sosioloq qadınların vəhşicəsinə qətl edilməsinə səbəb kimi savadsızlıq, sevgisizlik və şüursuzluğu göstərib:

"Ürək ağrısı ilə deməliyəm ki, bu üç amili də ailə formalaşdırır. Əgər hər bir valideyn övladını sevgi ilə böyütsə, insani dəyərləri aşılayıb təhsil versə, bu cür psixoloji pozğunluğu olan kişilər cəmiyyəti birə kimi basmaz, zorakılıq edə bilməz. Oğlan uşağına "bəy balası", "xan nəvəsi" ədası ilə yanaşan, onun səhvini dəcəllik sayan valideyn, əslində, gələcəkdə zorakılığın təməlini qoyur".

Lalə Mehralı hesab edir ki, qadına qarşı zorakılıq göstərən, təhqir edən, döyən və qətl edən insanları da cəmiyyət özü yetişdirir:

"Fundamental maarifləndirməyə, psixoloji islahata və düşüncə dəyişikliyinə ciddi ehtiyac var. Bəzən bunu etməyə çalışırıq, amma nəticə istədiyimiz kimi olmur. Qadına qarşı zorakılıq hər gün, hər saat artır. Sabaha ümid bağlamırıq artıq, çünki dünən sabahdan daha empatiya hissi ilə dolu idik", - deyə Lalə Mehralı fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva xəstəxanaya yerləşdirilib. 

Keçmiş həyat yoldaşı ona 11 bıçaq zərbəsi ilə ağr xəsarət yetirib. 

Hazırda onun vəziyyəti orta ağırdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Lalə Mehralı,Sosioloq,Qadın,Cinayət,Todaypress.tv,

photo