Küçədə qalan insanlar soyuq havalarda nə etməlidir? - RƏSMİ
Cəmiyyət
18.09.2025 09:46
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bağlı Sosial Xidmətlər Agentliyinin nəzdində həssas qruplardan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Mərkəzi fəaliyyət göstərir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin əməkdaşı Sərvər Abdullayev bu barədə TodayPress TV-yə açıqlamasında bildirib.
O vurğulayıb ki, çətin həyat şəraiti ilə qarşılaşan vətəndaşlar müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə yararlana bilirlər:
"Bura qəbul olunanlara sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji və sosial-pedaqoji xidmətlər göstərilir. Müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində gündəlik qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər".
Əməkdaş açıqlayıb ki, hazırda müəssisənin müxtəlif şöbələrində ümumilikdə 75 nəfərə xidmət göstərilir. Onlardan 47-si kişi, 28-i qadındır. Xidmət göstərilənlərdən 48-i daimi yaşayış yeri olmayan şəxslərdir.
"Müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya “DOST” mərkəzləri vasitəsilə aparılır. Həmçinin vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin qaynar xətti (012 525 41 30), WhatsApp platforması (050 525 41 30), eləcə də sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər", - deyə S. Abdullayev diqqətə çatdırıb.
Qeyd edək ki, artıq payız yağışları başlayıb, soyuq havalar özünü göstərir, qarşıda isə qış mövsümü var. Bu isə küçədə yaşayan, sığınacaqsız qalan insanlar üçün daha da çətin bir dövrün yaxınlaşdığını göstərir.
Aysel Mətləb
tag: Sərvər Abdullayev,SXA,Soyuq,Küçə,Todaypress.tv,
