İşləməsələr də maaş alacaqlar – AÇIQLANDI
Tibb işçilərinin sertifikasiyası ilə bağlı yeni dəyişikliklər təklif olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
O bildirib ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında “Əmək Məcəlləsi”nə təklif edilən dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Qanun layihəsinə əsasən, tibb mütəxəssislərinin öz seçimlərindən asılı olaraq beş ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafını həyata keçirməsi təklif olunur.
Bununla belə, illik və beş illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidirlər.
“Dəyişikliklərdə əsas məqamlardan biri sertifikasiya imtahanından keçməyən işçilərin altı ay müddətində iş yeri və aylıq vəzifə maaşının saxlanılmasıdır. Yəni, sertifikasiyadan keçməyən vətəndaşımızın altı aylıq maaşı saxlanacaq ki, o növbəti, ikinci imtahana hazırlaşa bilsin".
Millət vəkilinin fikrincə, dəyişikliklər sertifikasiyanın birinci mərhələsində uğur qazana bilməyənlərin sosial müdafiəsini qorumaq və eləcə də onlara əmək müqaviləsi saxlanılmaqla yenidən imtahanda iştirak imkanı yaradacaq.
Vüqar Bayramov sonda qeyd edib ki, yalnız ikinci cəhddə uğursuz olanların əmək müqaviləsinə xitam veriləcək. Birinci imtahanda sertifikasiyadan keçə bilməyənlərin işdən azad olunmaması sosial ədalət baxımından da vacib dəyişiklikdir.
Türkan İsgəndərli
tag: Vüqar Bayramov,Deputat,Maaş,Açıqlama,Todaypress.tv,
