İkinci əl geyimlər sağlamlıq üçün təhlükə yarada bilər - XƏBƏRDARLIQ

Cəmiyyət

28.10.2025 17:44

Son illər həm Avropadan gətirilən ikinci əl brend geyimlərə, həm də onlayn platformalarda satılan ikinci əl paltarlara maraq artıb. Mağazalar bu geyimlərin dezinfeksiya edildiyini bildirsələr də, mütəxəssislər sağlamlıq baxımından diqqətli olmağı tövsiyə edirlər.

Dermo-kosmetoloq Sahilə Əbdürrəhmanova TodayPress TV-yə açıqlamasında qeyd edib ki, bu geyimlərdə istifadə olunan dezinfeksiyaedici məhlullar dəridə müxtəlif problemlər, qıcıqlanma və allergik reaksiyalar yarada bilər. 

Onun sözlərinə görə, mənşəyi bilinməyən ikinci əl geyimlər allergik reaksiyalarla yanaşı, bir çox dermatoloji problemlərə də səbəb olur:

"Hətta bəzi hallarda yoluxucu xəstəliklərə yol açma riski də yüksəkdir. Çünki bu geyimlərin hamısı doğru şəkildə dezinfeksiya edilmir. Aylarla preslənmiş paltarların sağlamlığa faydasından danışmaq mümkün deyil".

Mütəxəssis əlavə edib ki, xüsusilə uşaqlar üçün ikinci əl geyimlərdən istifadə yolverilməzdir, çünki onların immun sistemi zəifdir və yoluxma riski daha yüksək olur.

O, həmçinin alıcılara tövsiyə edib ki, belə geyimlər alındıqdan sonra ev şəraitində yüksək temperaturda yuyulmalı, ütülənməli və bir müddət havalandırılmalıdır:

"Ən önəmlisi odur ki, bu geyimlər dəridə birbaşa təmas yaratmadan əvvəl tam təmizlənməlidir. Xüsusilə uşaqlar və immun sistemi zəif olan şəxslər bu mövzuda daha diqqətli davranmalıdır", - deyə Sahilə Əbdürrəhmanova fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Sahilə Əbdürrəhmanova,Kosmetoloq,İkinci əl,Geyim,Todaypress.tv,

photo