Hansı istiqamətlərdə ödənişli yollar çəkiləcək? – AÇIQLAMA

Cəmiyyət

30.07.2025 15:02

Azərbaycanda bir müddətdir ki, ənənəvi yollara alternativ olaraq, ödənişli yollar sürücülərin istifadəsinə verilib. Bu yolların əsas məqsədi nəqliyyat axınını sürətləndirməkdir. 

Bəs gələcəkdə hansı istiqamətlərdə ödənişli yollar istifadəyə verilə bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırda ölkədə ödənişli yollardan kifayət qədər istifadə olunur:

“Qiymətlər elə də baha deyil. İndiki mərhələdə istifadə ilə bağlı ciddi problem görünmür. Gələcəkdə zərurət yaranarsa, bu məsələyə yenidən baxmaq olar. Qanunvericiliyə əsasən, ödənişli yolun alternativi olan ödənişsiz yol da paralel şəkildə mövcud olmalıdır. Yəni insanlar rahat və təhlükəsiz şəkildə ödənişsiz yoldan da istifadə edə bilməlidirlər”.

Ekspert əlavə edib ki, bu sistem həm sürətli və təhlükəsiz hərəkəti, həm də beynəlxalq yük və sərnişin daşımalarını daha səmərəli təşkil etmək baxımından mühüm rol oynayacaq:

“Hazırda şimal istiqamətində ödənişli yol var. Cənub istiqamətində də bu tətbiq olunur. Gələcəkdə işğaldan azad edilən ərazilərə doğru da bu cür yolların çəkilməsi planlaşdırılır”.

O, həmçinin qeyd edib ki, ödənişli yoldan istifadə qaydalarına əməl olunması vacibdir. Ödəniş sistemlərinin daha da təkmilləşdirilməsi, rahat və asan ödəmə üsullarının tətbiqi ilə bağlı yeniliklər gözlənilir. 

“Kimsə daha sürətli və komfortlu yol istəyirsə, ödəniş edir və həmin yoldan istifadə edir. Bu, beynəlxalq təcrübədə də geniş istifadə olunan bir sistemdir”, - deyə Elməddin Muradlı fikrini yekunlaşdırıb.  

Türkan İsgəndərli

tag: Elməddin Muradlı,Ekspert,Ödənişli,Yol,Todaypress.tv,

photo