“Gizir Xanı”ya şəhidlik statusu verilməlidir?
Cəmiyyət
25.09.2025 13:56
"Zamanından asılı olmayaraq, düşmən minasına düşərək həlak olan hər kəs şəhid hesab edilməlidir".
Bunu hərbi ekspert Emin Həsənli TodayPress TV-nin sorğusuna cavab verərkən deyib.
“Təəssüf ki, bu proses atəşkəsdən sonra da davam edir. İstər hərbi, istər mülki şəxslərə şəhid statusu verilməlidir. Bizim ordumuz türk modelinə keçib. Türkiyədə hərbi formada olan şəxs xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında da dünyasını dəyişsə, şəhid sayılır. Pilotlar, dənizçilər də bu kateqoriyaya daxildir. Son dövrlərdə sərhədçilərin helikopteri qəzaya uğradıqda həlak olan hər birinə şəhid statusu verildi. Bəzən mübahisələr yaranır, valideynlər məcbur olub məhkəməyə müraciət edirlər. Bu məsələ qanunvericilikdə birdəfəlik həllini tapmalıdır”, – deyə ekspert qeyd edib.
O əlavə edib ki, düşmən gülləsindən ölən və ya düşmən minasına düşən hər kəs şəhid, yaralanan isə müharibə əlili sayılmalıdır. Hərbi xidməti yerinə yetirərkən həyatını itirən şəxslər – Müdafiə Nazirliyi nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, o cümlədən polis əməkdaşları da şəhid hesab olunmalıdır.
“İnsan dünyaya bir dəfə gəlir. Dövlətə, vətənə xidmət zamanı dünyasını dəyişirsə, xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hər kəs şəhiddir. Bu məsələ qanunvericilikdə öz həllini tapmalıdır”, – deyə o vurğulayıb.
Beynəlxalq təcrübəyə diqqət çəkən E. Həsənli bildirib ki, xristian ölkələrində şəhidlik anlayışı mövcud deyil, lakin müharibədə həlak olan şəxslərlə oxşar münasibət göstərilir. İslam ölkələrində isə şəhidlik anlayışı mövcuddur. Türkiyədə də bu məsələ bu cür tənzimlənir.
“Hesab edirəm ki, bizdə də gec-tez bu istiqamətdə addımlar atılmalıdır”, – deyə o əlavə edib.
Qeyd edək ki, sentyabrın 23-də Azərbaycan Ordusunun giziri, “Gizir Xanı” ləqəbi ilə tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub. Hazırda cəmiyyətdə ona şəhidlik statusunun verilməsi məsələsi müzakirə olunur.
Jalə Rövşən
tag: Gizir Xanı,Səyyaf Əhmədov,Mina,Şəhid,Todaypress.tv,
