AYNA-dan Avtobuslarla bağlı yenilik: Hansı faydaları olacaq?
Cəmiyyət
31.10.2025 13:05
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) marşrut avtobuslarının hərəkət vaxtını göstərən yeni mobil tətbiqi test mərhələsində sınaqdan keçirir. Bəzi vətəndaşlar bildirirlər ki, Bakıda yolların tıxaclı olması səbəbindən avtobusların real vaxtda hərəkətini dəqiq müəyyənləşdirmək çətin olacaq. Digərləri isə düşünür ki, tətbiq avtobusların intervalının normallaşmasına kömək edə bilər.
Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev TodayPress TV-yə danışıb.
O bildirib ki, bu yeniliyə etiraz etməyə heç bir əsas yoxdur.
Onun sözlərinə görə, bu funksiyanın faydaları olacaq:
"Burda ancaq üstünlük var. Çünki sərnişinlər avtobusları gözləyirdilər, bilmirdilər nə vaxt gələcək. İndi tətbiq vasitəsilə bilinəcək ki, avtobus haradadır, nə qədər vaxta çatacaq".
Ekspert əlavə edib ki, bu sistem vaxt itkisini azaltmağa və sərnişinlərin daha düzgün qərar verməsinə imkan yaradacaq:
"Məsələn, tıxacda 10-15 dəqiqəlik gecikmə olur, vətəndaş baxıb qərar verə biləcək. O, vaxtına uyğun olaraq, taksi sifariş edə, yaxındırsa piyada gedə bilər", - deyə Yasin Mustafayev fikrini sonıandırıb.
Qeyd edək ki, hazırda dünyada 112-dən çox ölkədə və 3500-dən artıq şəhərdə marşrut avtobuslarının gəlmə vaxtını göstərən bu tip tətbiqlər uğurla fəaliyyət göstərir.
Bundan əvvəl Bakıda bəzi avtobus dayanacaqlarında oxşar funksiyalı elektron monitorlar quraşdırılsa da, hazırda onlar işlək vəziyyətdə deyil.
Türkan İsgəndərli
tag: Yasin Mustafayev,Ekspert,AYNA,Avtobus,Todaypress.tv,
