Gəncədə peşəkar sürücü heyətinin formalaşdırılması davam etdirilir
Cəmiyyət
17.06.2025 12:44
İctimai nəqliyyat sahəsində çalışacaq peşəkar və məsuliyyətli sürücü heyətinin formalaşdırılması istiqamətində işlər davam etdirilir.
Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.
Bu işə töhfə vermək məqsədilə AYNA-nın Təlim-Tədris Mərkəzində avtobus sürücüləri üçün təlimlər keçirilir. Sürücülər peşə fəaliyyəti, davranış qaydaları üzrə nəzəri və praktiki təlimlərdə iştirak edə bilirlər. Əlçatanlığın təmin olunması məqsədilə mərkəzin mütəxəssisləri Gəncədə də bu təlimləri təşkil edirlər.
Gəncə şəhərində ictimai nəqliyyat sahəsində fəaliyyət göstərmək üçün müraciət edən 700-ə yaxın şəxsdən artıq 478-nin sürücülük bacarıqları yoxlanılıb. İlkin qiymətləndirmə zamanı müvəffəqiyyət qazanan 343 nəfər növbəti mərhələyə keçib. Onlar tibbi yoxlanışdan sonra mərhələli qaydada təlim prosesinə cəlb edilirlər.
Təlimlərdə sürücülərə avtomobil nəqliyyatı ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, avtobusların istismarına dair normativ tələblər, ictimai nəqliyyatda davranış mədəniyyəti, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin edən idarəetmə üsulları, ekoloji səmərəliliyin artırılması məqsədilə “ekosürmə” texnikası üzrə nəzəri və praktik biliklər verilir.
tag: AYNA,Avtobus,Sürücü,Gəncə,Todaypress.tv,
