Ev alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
Cəmiyyət
18.06.2025 16:25
Öz şəxsi mənzilinə sahib olmaq hər bir insanın arzusu olsa da, bu arzunun reallaşması heç də asan deyil. Bəzən maddi səbəblər, bəzən isə düzgün seçim edə bilməmək insanları çətin vəziyyətə salır.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, daşınmaz əmlak bazarında mənzil alan şəxslər iki qrupa ayrılır: fərdi yaşayış evləri alanlar və çoxmənzilli binalardan mənzil alanlar.
Ekspert qeyd edir ki, istənilən halda vətəndaş ilk növbədə alacağı əmlakın çıxarışına (kupça) diqqət etməlidir:
"Əgər fərdi ev alınırsa, torpaq yaşayış məntəqəsi təyinatlı olmalı və sənədləri qaydasında olmalıdır. Əfsuslar olsun ki, bir çox halda çıxarışı olmayan evlər etibarnamə yolu ilə satılır. Halbuki etibarnamə alqı-satqı sənədi deyil, sadəcə müvəqqəti bir icazə sənədidir. Belə hallarda vətəndaşlar mütləq şəkildə həm etibarnamə, həm də torpağa və tikiliyə dair bütün sənədləri qarşı tərəfdən tələb etməlidirlər".
Ekspertin sözlərinə görə, tikintinin keyfiyyətinə də xüsusi diqqət yetirilməlidir. Əgər vətəndaş tikinti sahəsində mütəxəssis deyilsə, evin keyfiyyətinə əmin olmaq üçün peşəkar ustalara müraciət etməlidir. Sənədləşmədə şübhə yarandıqda isə mütləq hüquqşünas və ya notariusun iştirakı ilə alqı-satqı aparılmalıdır.
Mütəxəssis əlavə edib ki, xüsusilə Bakı və Abşeronda çıxarışsız fərdi evlərin sayı çoxdur və onların sənədləşdirilməsi ilə bağlı ciddi problemlər var. Onun sözlərinə görə, torpaq təyinatı və yerləşdiyi ərazi əsas səbəblərdir. Elektrik xətləri, qaz və su boruları kimi kommunikasiya xətləri evə çox yaxın olmamalıdır. Həmçinin vulkanik ərazilərdən ev almamaq tövsiyə olunur.
Çoxmənzilli binalardan ev alanlara gəlincə, ekspert bildirib ki, alqı-satqı yalnız notarial qaydada aparılmalı, mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması ilə bağlı notarial öhdəlik alınmalıdır. Əgər yeni tikilidə çıxarışsız mənzil alınırsa, həmin binanın hüquqi statusu ciddi şəkildə araşdırılmalı, hüquqşünas və ya ekspert rəyinə əsaslanaraq qərar verilməlidir.
Türkan İsgəndərli
tag: Elnur Fərzəliyev,Ekspert,Ev,Alış,Todaypress.tv,
