Ekspertdən təklif: “Yaxşı oxuyan tələbələrə bəzi güzəştlər edilməlidir”

Cəmiyyət

30.10.2025 13:54

Metroda ilk dəfə olaraq sərnişinlərin gediş haqqını tələbə kartları ilə təmassız ödəmək sistemi test rejimində istifadəyə verilib.

Layihə “BakıKart” və “Bakı Metropoliteni” QSC tərəfindən pilot versiyada həyata keçirilir.

Bu yenilik tələbələr üçün hansı imkanları yaradacaq?

Təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə açıqlamasında bildirib ki, tələbə kartları ilə gediş haqqının ödənilməsi həm rahatlıq, həm də şəffaflıq baxımından əhəmiyyətli addımdır.

Onun sözlərinə görə, tələbələr təqaüdlərini həmin kartlar vasitəsilə aldıqları üçün bu sistem nəqliyyatda istifadəyə də imkan yaradır:

"Mənim təklifim odur ki, tələbələrə müəyyən qədər güzəşt tətbiq olunsun. Məsələn, əgər gediş haqqı 60 qəpikdirsə, tələbələr üçün bu məbləğ 30 qəpik ola bilər. Beynəlxalq təcrübədə də tələbələr üçün nəqliyyat, qidalanma və yataqxana kimi sahələrdə müxtəlif güzəştlər tətbiq olunur".

Ekspert əlavə edib ki, yaxşı oxuyan tələbələr üçün xüsusi endirimlərin tətbiqi həm motivasiyanı artırar, həm də təhsildə rəqabəti gücləndirər:

"Əgər tələbənin ümumi müvəffəqiyyət göstəricisi 80 baldan yuxarıdırsa, ona 50%-lik nəqliyyat güzəşti verilə bilər. Bu, digər tələbələri də daha yaxşı oxumağa təşviq edər", - deyə Ramin Nurəliyev fikrini sonlandırıb.

Qeyd edək ki, ilkin mərhələdə sınaq “Kapital Bank”ın tələbə kartları üzərindən aparılır. Pilot layihəyə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri cəlb olunub.

Türkan İsgəndərli

TodayPress TV


tag: Metro,Tələbə,Gediş haqqı,Nəqliyyat,Todaypress.tv,

photo