Dərmanların ticarət dövriyyəsi niyə artıb? – AÇIQLAMA

Cəmiyyət

09.07.2025 15:55

Son vaxtlar dərmanların qiymətində müşahidə olunan artım və bazarda yaranan qıtlıq cəmiyyətdə ciddi narahatlığa səbəb olur. 

Məsələyə münasibət bildirən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bu barədə TodayPress TV-yə danışarkən dərman qiymətlərinin artmasının əsas səbəblərindən birinin xarici amillərlə bağlı olduğunu bildirib.

"Əvvəla biz dərmanları xaricdən alırıq. Xarici ölkələrdə baş verən müharibələr, böhranlar və iqtisadi dalğalanmalar dərman təchizatına da mənfi təsir göstərir. Bu, dərmanların qiymətində fərqlərin yaranmasına səbəb olur. Təbii ki, qiymət fərqi ola bilər, amma bu qədər olmamalıdır. Burada həm də insaf məsələsi önəmlidir".

Dosent eyni zamanda qeyd edib ki, vətəndaşlar arasında həkim məsləhəti olmadan dərman qəbul edənlərin də sayı az deyil. Onun sözlərinə görə, bu hal ciddi fəsadlara yol aça bilər:

"Bəziləri dərman aludəçiləri olublar. Kim nə dedi, "bu dərman yaxşıdır", deyib dərman almaq düzgün deyil. Dərmanı yalnız həkim təyin etməlidir. Hansı qida ilə qəbul ediləcək, hansı qidalarla olmaz, doza necə olmalıdır, bunlar vacib məsələlərdir. Dərmanın dozası düzgün təyin olunmadıqda və ya orqanizmdə patologiya olduqda onun təsiri tamamilə dəyişə bilər".

Aydın Əliyev vurğulayıb ki, dərmanların insan bədənində metabolizm proseslərindən keçməsi zamanı qaraciyər, böyrək, mədə-bağırsaq sistemindəki problemlər bu prosesə mənfi təsir edə bilər. Nəticədə dərmanın orqanizmdən xaric olunması pozulur və bu da digər xəstəliklərin ağırlaşmasına səbəb olur.

Həkim hesab edir ki, ölkədə dərman istehsalı sahəsinin inkişafı problemi aradan qaldıra bilər:

"İnanıram ki, Qarabağ bölgəsində aparılan yenidənqurma və inkişaf işləri ilə paralel olaraq dərman sənayemiz də dirçələcək".

Sonda Aydın Əliyev cəmiyyətə çağırış edərək bildirib ki, vətəndaşlar dərman qəbulunda məsuliyyətli olmalı, yalnız həkim təyinatı ilə müalicəyə başlamalıdırlar. Əgər bu qaydalara əməl olunarsa, nə dərman qıtlığı, nə də qiymət artımı bu qədər problem yaradar. 

Qeyd edək ki, 2025-ci ilin ilk 5 ayında dərmanların pərakəndə ticarət dövriyyəsi 3.8 faiz artaraq 23 milyard 341 milyon manat olub.

Türkan İsgəndərli

tag: Aydın Əliyev,Dosent,Dərman,Dövriyyə,Todaypress.tv,

photo