Dənizdə boğulma halları artır: Necə qorunaq?
Cəmiyyət
08.07.2025 17:20
Son günlər dənizdə boğulanların sayında artım müşahidə olunur.
Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili bildirib ki, boğulma hallarının əksəriyyəti nəzarətsiz və qeyri-qanuni fəaliyyət göstərən çimərliklərdə baş verir.
Onun sözlərinə görə, hazırda ölkə üzrə 37 sularda xilasetmə məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin nəzarət etdiyi ərazilərdə və ideya ictimai birliklərinin təşəbbüsü ilə yaradılan çimərliklərdə təhlükəsizlik tədbirləri tam şəkildə təmin olunur. Lakin boğulma hadisələrinin çoxu təhlükəsizlik tədbirləri görülməyən qeyri-qanuni çimərliklərdə baş verir.
Şöbə rəisi bədbəxt hadisələrin əsas səbəblərindən birinin də vətəndaşların yanlış vaxtlarda dənizə girməsi olduğunu vurğulayıb.
O vurğulayıb ki, hava şəraiti və günün saatı təhlükəsiz çimərlik istirahəti üçün mühüm rol oynayır.
“Küləyin sürəti saniyədə 10 metrə çatdıqda çimərlikdən istifadə qadağandır. Eyni zamanda hava qaraldıqdan sonra suya girmək son dərəcə təhlükəlidir. 13 yaşına çatmamış uşaqlar yalnız valideyn müşayiəti ilə çimərliklərdən istifadə etməlidirlər. Ən təhlükəsiz istirahət saatları isə səhər saat 09:00-dan axşam saat 20:00-dəkdir”.
FHN rəsmisi vətəndaşlara yalnız rəsmi fəaliyyət göstərən, təhlükəsizliklə təmin olunmuş çimərliklərə üz tutmaları ilə bağlı çağırış edib:
“Əgər hər hansı bir çimərlikdə xilasedici personal, texniki vasitələr, üzmə sərhədlərini göstərən nişanlar və maarifləndirici lövhələr yoxdursa, həmin əraziyə getmək olmaz. Belə yerlərdə təhlükəsizlik təmin olunmadığından istifadə risklidir”.
Aqşin Əlili qeyd edib ki, təhlükəsizlik tədbirləri əsasən özəl çimərlik operatorları tərəfindən həyata keçirilməli, vətəndaşlar isə bu məsələdə diqqətli olmalı və rəsmi xəbərdarlıqlara əməl etməlidirlər.
Türkan İsgəndərli
tag: Aqşin Əlili,FHN,Dəniz,Boğulma,Todaypress.tv,
