Dayanacaqlarda yeni məlumat lövhələri quraşdırılacaq - RƏSMİ AÇIQLAMA

Cəmiyyət

05.09.2025 17:31

"Sərnişinlərə göstərilən xidmətin keyfiyyətini yüksəltmək və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni innovativ həllər üzərində işləyir".

AYNA-nın şöbə müdiri Tural Orucovdan TodayPress TV-yə verilən məlumata görə, sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatlara daha rahat çıxışı üçün "Map AYNA" sistemi yenilənib və funksionallığı artırılıb.


İctimai nəqliyyat barədə rəqəmsal məlumatlar "ayna.gov.az" portalında “Avtobus marşrut xətləri” bölməsində yerləşdirilir.

Onun sözlərinə görə, hazırda platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqlar barədə məlumat əldə edə bilirlər.

Bundan əlavə, Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə dayanacaqlara məlumat lövhələri quraşdırılır. Lövhələrdə dayanacağın yerləşdiyi ərazi və oradan keçən marşrutların istiqaməti əks olunub. Onların paytaxtın küçə və prospektlərindəki dayanacaqlarda mərhələli şəkildə yerləşdirildiyi bildirilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Sərnişin,AYNA,Tural Orucov,Map AYNA,Todaypress.tv,