Banklar kiçik məbləğdə valyuta dəyişmir: "Vətəndaşın hüququ pozulur"
Cəmiyyət
02.10.2025 15:49
Azərbaycanda bəzi banklar valyuta mübadiləsi zamanı kiçik məbləğdə valyuta dəyişmir və ya xırda pul verməkdən imtina edirlər.
Sözügedən
məsələ vətəndaşlar arasında son günlər müzakirə mövzusu olub.
Məsələ
ilə bağlı iqtisadçı Akif Nəsirli TodayPress TV-yə açıqlamasında bildirib ki,
ölkədə valyuta mübadiləsi əməliyyatları "Valyuta tənzimi haqqında"
Qanun və Azərbaycan Mərkəzi Bankının normativ aktları ilə tənzimlənir.
Onun
sözlərinə görə, mübadilə yalnız banklar, onların filialları və xüsusi
lisenziyası olan qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilə bilər.
"Bankların
müştəriyə xırda pul verməkdə çətinlik çəkməsi valyuta çatışmazlığı ilə bağlı
ola bilər. Lakin bu, onların öhdəlikdən imtina etməsi üçün hüquqi əsas
yaratmır. Qanunvericilikdə müştərinin valyuta dəyişməsi üçün minimal və ya
maksimal məbləğ tələbi yoxdur. Yəni istənilən məbləğin dəyişdirilməsi müştərinin
hüququdur. Buna baxmayaraq, bəzi banklar "xırda valyutanın olmaması"
və ya "texniki səbəblər" adı altında xidmətdən yayınır. Bu isə
normativ əsas daşımır, yalnız bankların daxili əməliyyat siyasəti ilə
bağlıdır".
İqtisadçı
qeyd edib ki, vətəndaşlar belə hallarda, bankdan xidmət göstərilməsini və qəbz
verilməsini tələb edə bilərlər. Əsassız imtina olduqda isə şikayət hüququna
malikdirlər:
"Şikayətlər
banka, Azərbaycan Respublikası Mərkəzi Bankına,
Maliyyə Ombudsmanına, məhkəməyə ünvanlana bilər. Bankların kiçik məbləğdə
valyuta dəyişməkdən və ya xırda pul verməkdən imtina etməsi qanunla təsbit
olunmuş hal deyil və müştərilər bu səbəbdən şikayət etmək hüququna malikdirlər",
- deyə Akif Nəsirli fikrini sonlandırıb.
Türkan
İsgəndərli
tag: Valyuta,Bank,Pul,İqtisadçı,Todaypress.tv,
