Bakının dar küçələrinin geniş zolaqları: “100 manat cərimə ödəmək vətəndaşları çətin vəziyyətə salır” - EKSPERT
Cəmiyyət
07.08.2025 17:50
Bakının bəzi küçə və prospektlərində avtobus və velosiped zolaqları mövcud olsa da, bir çox ərazilərdə bu infrastruktur ya ümumiyyətlə yoxdur, ya da düzgün şəkildə təşkil edilməyib. Bu isə paytaxtda nəqliyyat axınının təşkilində müxtəlif problemlərə yol açır.
Məsələ ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli TodayPress TV-yə açıqlamasında bildirib ki, şəhər daxilində xüsusi zolaqların ayrılması mümkündür, lakin bu, düzgün planlaşdırma və dəqiq hesablamalar əsasında həyata keçirilməlidir.
"Xaotik şəkildə və hər hansı əsaslandırma olmadan belə zolaqların ayrılması nəqliyyatın hərəkətinə ciddi şəkildə ziyan vurur. Məsələn, Tbilisi prospektində avtobus zolaqları o qədər geniş salınıb ki, digər nəqliyyat vasitələri üçün yol daralıb və nəticədə tıxacların daha da artmasına səbəb olub. Həmçinin Bakı-Sumqayıt yolunda da səhər saatlarında ciddi sıxlıq müşahidə olunur".
Ekspertin sözlərinə görə, bəzi xarici ölkələrdə, xüsusilə Brüssel, Stokholm, Ankara və İstanbulda velosipedlər üçün səkilərdə xüsusi, lakin dar zolaqlar ayrılır və bu, kifayət edir. Bakının dar küçələrində isə geniş avtobus zolaqlarının ayrılması nəqliyyatın ümumi intensivliyinə mənfi təsir göstərir.
İlqar Hüseynli onu da əlavə edib ki, avtobus zolaqlarına görə tətbiq edilən cərimələr vətəndaşları çətin vəziyyətə salır:
"Təsadüfən bir təkər belə avtobus zolağına düşərsə, sürücü 100 manat cərimələnir. Bu isə insanlarda narazılıq yaradır. Onsuz da Beynəlxalq Avtovağzaldan “Şamaxinka” adlanan əraziyə qədər bu zolaqların funksionallığı itib. Çünki həmin ərazidə hərəkət intensivliyi aşağıdır. Yenidən 20 Yanvar dairəsindən Tbilisi prospektində “Avropa” otelinə qədər ayrıca bir avtobus zolağının ayrılması isə əlavə problem yaradır. Bu məsələyə yenidən baxılmalıdır".
Ekspert sonda qeyd edib ki, avtobus parklarının yenilənməsinə ciddi ehtiyac var və bu istiqamətdə islahatlar həyata keçirilməlidir.
Türkan İsgəndərli
tag: İlqar Hüseynli,Ekspert,Bakı,Küçə,Zolaqlar,Todaypress.tv,
