Azərbaycanda içməli su problemi: Ekoloq həyat mənbəyimizlə bağlı XƏBƏRDARLIQ ETDİ

Cəmiyyət

14.08.2025 14:40

"Su həyat üçün əvəzolunmaz sərvət olsa da, həm təbii yolla, həm də insanların təsərrüfat fəaliyyəti nəticəsində su hövzələri daim çirklənməyə məruz qalır".

Ekoloq Cavid Hüseynov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, suların çirklənməsi dedikdə onların keyfiyyətinin pisləşməsinə, səthinə, dibinə və ətraf mühitə mənfi təsir göstərən, istifadəsini çətinləşdirən müxtəlif maddələrin və tullantıların daxil olması nəzərdə tutulur.

"Ətraf mühitə atılan bütün tullantılar sonda su hövzələrinə çatır və burada kimyəvi, fiziki və bioloji çirklənməyə səbəb olur. Su kimyəvi maddələri uzaq məsafələrə daşıyır. Temperatur artdıqca kimyəvi proseslər sürətlənir, suda oksigen miqdarı azalır. Bu da su orqanizmlərinə mənfi təsir göstərir. İstilik çirklənməsinin əsas mənbələri isə elektrik stansiyaları, poladəritmə müəssisələri və ağır maşınqayırma sənayeləridir".

Mütəxəssis suyun əsas çirklənmə mənbələri kimi kənd təsərrüfatı tullantıları, neft və sənaye tullantıları, kanalizasiya suları, məişət və radioaktiv tullantıları göstərib. O bildirib ki, bu hallar su ekosistemlərində qida zəncirinin pozulmasına, canlıların məhvinə və məhsuldarlığın azalmasına səbəb olur.

"Xüsusilə Kür və Araz çaylarında ekoloji vəziyyət narahatedicidir. Bu çayların suları əsasən Ermənistan və Gürcüstan ərazilərində formalaşır. 1980-ci illərin sonlarından etibarən həmin ölkələrdə təmizləyici qurğuların fəaliyyəti dayandırılıb. Nəticədə bu çaylar sanitar-təmizlik funksiyasını yerinə yetirərək çirkab suları birbaşa Azərbaycana daşıyır. Ermənistanda isə Oxçuçay sənaye tullantıları ilə son dərəcə çirklənib və burada artıq heç bir canlı yaşaya bilmir".

Ekspert bildirib ki, Azərbaycanın 8 359 çayının əksəriyyəti kiçik və azsuludur. Su ehtiyatlarının təxminən 70 faizi isə ölkə hüdudlarından kənarda – qonşu ölkələrin ərazisində formalaşır. Yerli çaylar əsasən kənd təsərrüfatı tullantıları ilə çirklənsə də, özünütəmizləmə qabiliyyəti nisbətən yüksəkdir. Lakin bəzi çaylar, məsələn, Qoşqarçay sənaye və məişət tullantıları səbəbindən çirklənmiş su sinfinə daxildir.

Cavid Hüseynov əlavə edib ki, mövcud qanunvericiliyə əsasən, bütün su obyektləri çirklənmədən, zibillənmədən və tükənmədən qorunmalıdır:

“Xəzər dənizində, Abşeron yarımadasında və digər regionlarda su hövzələrinin təmizlənməsi, kanalizasiya şəbəkələrinin yenilənməsi, çirklənmiş torpaqların bərpası, meşə və yaşıllıq zolaqlarının salınması və ümumi abadlıq işlərinin aparılması zəruri tədbirlər sırasındadır", – deyə o fikrini tamamlayıb.

Türkan İsgəndərli

tag: Cavid Hüseynov,Ekoloq,Azərbaycan,İçməli su,Todaypress.tv,

photo