Avtomobillərdən gələn təhlükə: Qara tüstü!
Cəmiyyət
23.10.2025 14:56
Şəhər küçələrində tez-tez qara tüstü buraxan avtobus və avtomobillərə rast gəlmək olur. Bu hal həm ətraf mühitə, həm də insanların sağlamlığına ciddi zərər vurur.
Ekoloq Sevil Yüzbaşova mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, mühərrikdə yanacağın tam yanmaması nəticəsində əmələ gələn qara tüstü həm avtomobilin texniki nasazlığından, həm də aşağı keyfiyyətli yanacaqdan qaynaqlanır:
"Bu hadisə əsasən köhnə avtomobillərin nasaz mühərriklərində müşahidə olunur. Sadə dildə desək, mühərrik işləyərkən bütün yanacaq tam yanmır. Bu, nasaz karbürator, tıxanmış hava filtri və ya yanacağın keyfiyyətsiz olması ilə əlaqədar ola bilər. Aşağı keyfiyyətli yanacaqdan istifadə natamam yanmaya və his əmələ gəlməsinə gətirib çıxarır. Bu isə təkcə avtomobilin deyil, ətraf mühitin də çirklənməsinə səbəb olur. Yanacağın yanlış saxlanma və ya daşınma şəraiti, həmçinin kir və su ilə çirklənməsi də bu vəziyyəti yaradır. Əgər avtomobildən qara tüstü çıxırsa, bu, avtomobildə potensial problemlərin olduğuna işarədir".
Eskpert əlavə edib ki, nəqliyyat vasitələri atmosfer çirklənməsinin əsas mənbələrindəndir. Onların havaya buraxdığı qazlar smoq adlanan zərərli duman təbəqəsinin yaranmasına səbəb olur.
"Smoq havanın tüstü, his və duman qarışığı ilə çirklənməsidir. Başqa sözlə, havanın Yer səthinə yaxın qatının tüstü və hislə dolması nəticəsində yaranan dumanlı təbəqədir. Bu çirklənmə, əsasən böyük şəhərlərdə və sənaye rayonlarında, kimya müəssisələri, avtomobillər və digər mənbələrdən çıxan qazların təsiri nəticəsində meydana gəlir və sakit, az küləkli havalarda uzun müddət qalır. Sənaye müəssisələrindən (xüsusilə kimya və metallurgiya sahələrindən) və nəqliyyatdan çıxan qazlar və tüstülər, günəş şüalarının təsiri altında kimyəvi reaksiyaya girərək smoq əmələ gətirirlər".
Ekoloqun fikrincə, avtomobillərdən çıxan qara tüstü tərkibindəki his, karbon monoksit (CO) və azot oksidləri (NOx) səbəbindən tənəffüs yollarına ciddi zərər vurur. Bu, xüsusən astma və xroniki bronxit xəstələri üçün təhlükəlidir.
O qeyd edib ki, bu emissiyalar təkcə insan sağlamlığına deyil, həm də iqlimə mənfi təsir göstərir:
"Onların qarşısını almaq üçün filtrin vaxtında dəyişdirilməsi, yüksək keyfiyyətli yanacaqdan istifadə və mühərrik sistemlərinin müntəzəm yoxlanılması vacibdir".
Sevil Yüzbaşova xəbərdarlıq edib ki, qara tüstü həm avtomobilin texniki vəziyyətinin pisləşməsi, həm də yanacaq sərfiyyatının artması deməkdir. Buna görə də belə hallar dərhal diaqnostika və təmir tələb edir.
Türkan İsgəndərli
tag: Sevil Yüzbaşeva,Ekoloq,Avtomobil,Qara tüstü,Todaypress.tv,
