Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 2

Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 2
22.08.2025 14:47 Xarici siyasət

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Prezidentini və nümayəndə heyətinin üzvlərini salamlayan Qurbanqulu Berdiməhəmmədov dedi:

-Ölkəmizə səfərə gəlmək dəvətini qəbul etdiyiniz üçün Sizə minnətdaram. Bu ilin iyulunda Azərbaycana səfərim çərçivəsində mənə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Azərbaycanın gözəl, mənzərəli yerlərini ziyarət etdim. Səfər zamanı mühüm məsələlər müzakirə olundu.

Ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk. Biz bu məsələləri indiki görüş əsnasında da müzakirə edəcəyik.

Bugünkü danışıqlarımız münasibətlərimizə təkan verir. Bu görüş çərçivəsində əməkdaşlığın mühüm məsələlərini nəzərdən keçiririk. Münasibətlərimiz əməkdaşlığın yüksək səviyyəsinə çatır, onların inkişafına böyük stimul verilir. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etmək istəyirəm. Bu kontekstdə Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı məqsədilə yeni təşəbbüslər irəli sürəcəyik.

İqtisadi-ticari əməkdaşlığın inkişafı əlaqələrimizin gündəliyində duran mühüm istiqamətdir. Bu istiqamətdə artıq böyük işlər görülüb. Bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, toxuculuq sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var.

Əməkdaşlığın mühüm sahəsi mədəni-humanitar əlaqələrdir. Onların inkişafı prioritet əhəmiyyət daşıyır. Bu kontekstdə əməkdaşlığın mühüm tərkib hissəsi qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, təhsil, mədəniyyət, turizm, mədəni dəyərlərimizin - xalçaçılıq, atçılıq, tətbiqi sənətin inkişafı sahələrində tədbirlərin keçirilməsidir. Bu istiqamətdə mədəni mübadilə və əlaqələrin inkişafı üçün bütün imkanlarımız mövcuddur.

Türkmənistan Prezidentinin Sizə böyük salamını çatdırıram. Sizi Türkmənistanda görməyimə şadam. Biz dialoqumuzu BMT-nin dillərindən biri vasitəsilə davam etdirəcəyik.

Sözü Sizə verirəm.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

-Təşəkkür edirəm, hörmətli Qurbanqulu Məlikquliyeviç.

Əziz qardaşım, dəvətə və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm, qardaş türkmən xalqına səmimi salamlarımı və sevgimi çatdırmaq istəyirəm. Türkmənistan torpağında yenidən olmağımdan da çox məmnunam.

Biz Sizinlə keçən ay Azərbaycanda görüşmüşük. O səfərin çox böyük tarixi mənası var. Həm Bakıda, həm işğaldan azad edilmiş Qarabağ torpağında bizim görüşlərimiz Azərbaycan xalqını çox məmnun etdi. Sizin bizə verdiyiniz dəstək bizim üçün çox önəmlidir, çox dəyərlidir. Biz Sizinlə söhbətlər əsnasında hər zaman tarixi köklərimizə də nəzər yetirirdik. Bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar. Mən artıq Sizə bildirdim ki, Avazanın inkişafı Sizin adınızla bağlıdır, Sizin əsərinizdir. Bu müasir, gözəl şəhər, əslində, Türkmənistanda gedən genişmiqyaslı inkişafı əks etdirir. Mən burada üç il bundan əvvəl Sizin dəvətinizlə olmuşam və artıq hava limanından şəhərə gələndə gördüm ki, daha böyük inkişaf var. Bütün bunlar Sizin fəaliyyətinizin nəticələridir.

Qeyd etdiyiniz kimi, biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Mən əminəm ki, dediyiniz bütün sahələr - energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə çox gözəl perspektivlər var. Sizin səfərinizdən sonra Hökumətlərarası Komissiyanın iclası olmuşdur. Orada bir çox məsələlər müzakirə edilib, gözəl nəticələr əldə olunub və biz bir neçə məsələni də bu gün burada müzakirə edəcəyik.

Eyni zamanda, nəqliyyat imkanlarına baxdıqda indi yeni potensial var - Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Əlbəttə ki, bizim bu sahədəki birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bu gün Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkələrimizin ərazisindən keçir. Mən bilirəm ki, Türkmənistanda çox böyük işlər görülüb - müasir dəniz limanı, hava limanları, dəmir yolları. Bütün bunlar Sizin rəhbərliyinizlə həyata keçirilən layihələrdir ki, Türkmənistanda ən müasir infrastruktur yaradılıb. Belə infrastrukturlar Azərbaycanda da yaradılıb. Ona görə bu istiqamətdə səylərimizin birləşməsində çox böyük fayda var.

Əlbəttə, bizim tez-tez görüşməyimiz, hesab edirəm ki, bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır.

Bir daha qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.

x x x

Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə siyasi əlaqələrimizin mövcud durumundan məmnunluq ifadə olundu, Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi, qlobal və regional məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü vurğulandı. Xüsusilə BMT Baş Assambleyasında “Türkmənistanın daimi neytrallığı” adlı qəbul olunmuş qətnamədə Azərbaycanın həmmüəllif kimi çıxış etməsi Türkmənistana olan dəstəyin və dostluğun nümunəsi kimi qiymətləndirildi.

Dövlətimizin başçısı avqustda Türkmənistanda BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə konfransının uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı, bu tədbirdə Azərbaycanın yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğuladı.

Türkmənistan Xalq Məsləhətinin sədri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və əldə olunan nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Şərq-Qərb marşrutunda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini Ermənistan ərazisindən keçməklə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrimizin nəqliyyat daşımalarını və tranzit potensialını daha da artıracaq və bütün regionun inkişafına öz töhfəsini verəcək.

Söhbət zamanı Azərbaycan, Türkmənistan, Özbəkistan istiqamətində də nəqliyyat dəhlizinin imkanları məsələlərinə toxunuldu. Bu xüsusda, bu gün keçiriləcək Azərbaycan-Türkmənistan-Özbəkistan formatında üçtərəfli görüşün əhəmiyyəti vurğulandı, bu tədbirin üç qardaş ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümidvarlıq ifadə olundu.

Görüşdə, həmçinin Türkmənistanın “Axalteke” və Azərbaycanın Qarabağ atlarının beynəlxalq festivallarda birgə iştirakı məsələlərinə toxunuldu.

***

10:49

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

09:59

Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

FOTOLAR

Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 2 — 1
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 2 — 2
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 2 — 3
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 2 — 4
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər