Dövlət başçısı azad torpaqlara dair rəqəmləri açıqladı, bütün dünya dinlədi: körpülər, tunellər...
“Böyük Qayıdış proqramı çərçivəsində şəhər və kəndlərimizin baş planları hazırlanıb. Görülən işlərin miqyasını göstərmək üçün təkcə son beş ildə tikdiyimiz tunellərin ümumi uzunluğu 70 kilometrə çatır, daha 5 tunelin inşası isə davam edir. Eyni zamanda layihələndirilən 500 körpüdən 435-i artıq tam hazır vəziyyətdədir”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı azad edilmiş ərazilərdə infrastruktur layihələrinin kompleks şəkildə həyata keçirildiyini, bu torpaqların əsl sahiblərinin gəlişi ilə yenidən canlandığını diqqətə çatdırıb:
“Bütün bu nəhəng işlər elektrik stansiyalarının ucaldılması, su təchizatı və su anbarlarının tikintisi, yaşayış evlərinin, məktəblərin, xəstəxanaların inşası, eləcə də 3 beynəlxalq hava limanının və dəmir yollarının çəkilməsi ilə paralel şəkildə aparılıb. Bu, torpağın əsl sahiblərinin gəlişi ilə ərazilərin necə dirçəldiyinin bariz nümunəsidir. Bu gün 85 mindən çox soydaşımız artıq öz doğma yurduna qayıdıb”.
Ölkə rəhbəri ərazilərin minalardan təmizlənməsi ilə bərabər, qayıdan əhalinin məşğulluğunun təmin edilməsinin də dövlətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb:
“Biz sakinlərin mənzil təminatı, məktəb və xəstəxanaların inşası ilə yanaşı, mütləq şəkildə onların iş yerləri ilə təmin olunmasını da düşünürük. Bu məqsədlə həmin ərazilərdə yaradılan və gələcəkdə də fəaliyyətə başlayacaq çoxsaylı sənaye zonaları, fundamental yaşamaq hüququndan məhrum olunmuş yüz minlərlə insanın öz doğma torpaqlarına sürətli və dayanıqlı şəkildə qayıtmasına böyük töhfə verəcək”.
Qiymət Mahir