Azərbaycan XİN Prezident İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yaydı

Azərbaycan XİN Prezident İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yaydı
09.08.2025 10:10 Xarici siyasət

Avqustun 7-8-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-də səfərdə olub.

Bu barədə XİN-dən TodayPress TV-yə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.

Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, səfər həmçinin iki ölkə prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

Azərbaycan Prezidentinin ABŞ-yə səfəri həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.

Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.

Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər