Paris nəhəngi yay üçün ulduz ovuna başladı!
UEFA Çempionlar Liqasının qalibi olan PSJ klubu yay transfer pəncərəsi üçün əsas hədəflərini müəyyənləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə “L'Équipe” nəşri məlumat yayıb.
Bildirilir ki, “Atletiko Madrid” klubunun hücumçusu Xulian Alvares ilə danışıqlarda yaranan çətinliklərdən sonra Paris təmsilçisi alternativ variantlar üzərində işləməyə başlayıb.
PSJ-nin maraq dairəsində olan əsas futbolçulardan biri Eli Krupidur. Hazırda “Bornmut” klubunun formasını geyinən 19 yaşlı hücumçu Alvaresə alternativ kimi nəzərdən keçirilir.
Mənbənin iddiasına görə, Paris təmsilçisi eyni zamanda vinger Yan Diomanda və hücumçu Maqnes Akliuşa ilə bağlı da danışıqlar aparır. Diomanda hazırda “Leypsiq”, Akliuşa isə “Monako” klubunun formasını geyinir.
Bundan başqa, qapıçı mövqeyində mümkün dəyişiklik ehtimalını da nəzərə alan PSJ, Dioqu Kostunu ehtiyat variant kimi izləyir. Portuqaliyalı qolkiper hazırda “Porto”nun şərəfini qoruyur.
Qeyd edək ki, Eli Krupi cari mövsümdə 35 oyunda 13 qol vurub. Yan Diomanda başa çatan mövsüm 36 matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Maqnes Akliuşa isə meydana çıxdığı 43 matçda 7 qol vurub və 11 assist edib.
Namiq HUN