Səfir: "Bu, rəqəmsal xidmətlərin yaradılması üçün önəmlidir"
Xarici siyasət
18.06.2025 10:58
“Türkmənistan və Azərbaycan enerji sektorunda çox sıx ticarət-iqtisadi əlaqələrə malikdir”.
TodayPress TV xəbər verir ki, Türkmənistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Qurbanməmmet Elyasov bunu "Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, əməkdaşlığın möhkəmləndirilməsi və dövlətlərarası münasibətlərin perspektivləri, o cümlədən onların inkişaf yolları ilə bağlı daim konstruktiv fikir mübadiləsi aparılır.
“Bu yaxınlarda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərinin Aşqabadda neft-qaz sahəsində keçirilən Beynəlxalq elmi-praktik konfransda iştirakı da buna sübutdur. Hazırda Türkmənistan müxtəlif istiqamətlər üzrə ixrac potensialını fəal şəkildə şaxələndirir”.
Diplomat diqqətə çatdırıb ki, hazırda Xəzər dənizinin dibi ilə Türkmənistan və Azərbaycan arasında fiber-optik kabelin çəkilməsi üçün texniki-iqtisadi əsaslandırmanın yaradılması üzrə ekspertlər səviyyəsində işlər aparılır. Bu layihənin əsasını “Türkmentelekom” telekommunikasiya şirkəti ilə “AzerTelecom” MMC arasında Türkmənistan-Azərbaycan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlətinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında Anlaşma Memorandumu təşkil edir. Bu sahə həm də Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiyada rəqəmsal xidmətlərin yaradılması üçün böyük əhəmiyyət kəsb edir.
Töhfə Səməd
tag: Türkmənistan,Səfir,Tədbir,Çıxış,Todaypress.tv,