Sədr: “Şərqə qarşı təhrif olunmuş yanaşmalar bu gün də davam edir”

Xarici siyasət

26.05.2025 10:00

3

“İslamofobiya təkcə müsəlmanlara qarşı yönəlmiş nifrət və ya qorxu deyil, həm də Qərbin Şərqə baxışını formalaşdıran və nəticədə, müsəlmanlar barədə təhrif olunmuş təsəvvürlər yaradan ideoloji strukturdur”.   

TodayPress TV xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən 3-cü beynəlxalq İslamofobiya ilə mübarizə konfransında çıxış edərkən deyib.   

O diqqətə çatdırıb ki, bu yanaşmanın əsasında Eduard Səidin “Orientalizm” (Şərqşünaslıq) əsəri dayanır. 

“Eduard Səid göstərirdi ki, Qərb Şərqi çox vaxt “geridə qalmış” və “təhlükəli” kimi təqdim edir.

Bu yanaşma təkcə elm və mədəniyyətdə deyil, həm də siyasi və iqtisadi güc münasibətlərində özünü göstərir. Bu yanaşmanın məqsədi Şərqi anlamaq deyil, onu nəzarət altına almaqdır.

Bu gün həmin təhriflər yalnız akademik müzakirələrdə deyil, gündəlik həyatımızda da özünü göstərir. Biz Avropa, Cənubi Asiyada və dünyanın bir çox ölkələrində İslamofobiyanın getdikcə gücləndiyinin şahidi oluruq. Bu, Eduard Səidin ifadə etdiyi kimi, “Orientalizm”in müasir təzahürüdür, yəni Şərqə qarşı təhrif olunmuş yanaşmaların davamıdır. 

İslamofobiya yalnız fərdi nifrət və ya qorxunu ifadə etmir, bu həm də geosiyasi təhdiddir. Bu fenomen beynəlxalq münasibətlərdə gərginliklərə, münaqişələrə, hətta terrora səbəb olur və gələcəkdə də davam edə bilər”.

Töhfə Səməd

tag: İslamofobiya ,Qərbin ,Beynəlxalq ,Fərid Şəfiyev,Todaypress.tv,