Prezident İlham Əliyev “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi - YENİLƏNDİ

Xarici siyasət

19.08.2025 12:08

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib.

TodayPress TV xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Cared Kohenin bu ilin yanvarında Davosda görüşü məmnunluqla xatırlandı.

Ölkəmizlə “The Goldman Sachs Group Inc.” şirkəti arasında 2010-cu ildən səmərəli əməkdaşlığın qurulduğu qeyd edilərək, Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu şirkətlə uğurlu tərəfdaşlığından məmnunluq bildirildi.

Görüşdə avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından əldə olunmuş nailiyyətlərin önəminə toxunuldu və bu nəticələrin regionun hərtərəfli inkişafı üçün geniş imkanlar yaratdığı vurğulandı.

Söhbət zamanı ölkəmizlə şirkət arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, “The Goldman Sachs Group Inc.” 1869-cu ildə təsis edilib. İnvestisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmətlər təqdim edən aparıcı qlobal maliyyə institutu hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. Mənzil-qərargahı Nyu-York şəhərində yerləşən şirkət 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.

***

11:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

tag: Prezident,İlham Əliyev,Qəbul,Görüş,Todaypress.tv,

photo
photo
photo