Prezident İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul etdi

Xarici siyasət

16.10.2025 13:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Redanın etimadnaməsini qəbul edib.

TodayPress TV xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev, ilk növbədə, Şarm-əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitinin yüksək səviyyədə təşkilinə görə Misir Ərəb Respublikasına təbriklərini çatdırdı. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Azərbaycanın bu tədbirə dəvətini yüksək qiymətləndirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında mövcud olan etimadın və dostluğun nümunəsi kimi dəyərləndirdi.

Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərini, özünün isə Misirə rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər çərçivəsində müzakirə olunmuş mövzuların həyata keçirilməsi ilə bağlı məsələlərə toxundu.

Səfir Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Əbdülfəttah əs-Sisiyə çatdırmağı xahiş etdi.

Görüşdə Hökumətlərarası Komissiyanın əhəmiyyətinə toxunuldu, yaxın vaxtlarda onun növbəti iclasının keçiriləcəyi qeyd olundu. Bakı ilə Şarm-əl-Şeyx və Qahirə şəhərləri arasında birbaşa uçuşların olduğu və bunun turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyi vurğulandı.

Söhbət zamanı mədəni və humanitar sahələrdə əməkdaşlığımızın perspektivləri müzakirə olundu.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,Misir,Səfir,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo