Ceyhun Bayramov Kallasla Azərbaycan-Aİ əlaqələrinin vəziyyətini müzakirə etdi
Xarici siyasət
22.09.2025 21:00
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" hesabında bildirib.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub.
Müzakirələr zamanı tərəflər Azərbaycan və Aİ arasında münasibətlərin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb və onun gələcək inkişaf imkanlarını nəzərdən keçiriblər.
Mövzular arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, enerji, nəqliyyat, davamlı inkişaf və humanitar təşəbbüslər kimi əsas sahələrdə birgə səylərin artırılması yer alıb.
Tərəflər həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini müzakirə ediblər.
tag: Ceyhun Bayramov, Kaya Kallas, Avropa Komissiyası, BMT, todaypress.tv,
